Böyük britaniyalı nəzəriyyəçi, məşhur fizik Stiven Hokinq vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" mərhumun ailəsinə istinadən məlumat yayıb.
Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.
"Sevimli atamızı bu gün itirmiş olmanın kədərini yaşayırıq. Çox böyük bir elm adamı, fəaliyyəti və qoyduğu miras illərcə yaşayacaq möhtəşəm bir şəxsiyyət idi” deyə mərhumun övladları bildirib.
Qeyd edək ki, Hokinq 1988-ci ildə dərc edilən "Zamanın qısa tarixi” adlı elmi işindən sonra məşhurluq qazanıb. Kitab ondan çox dilə tərcümə edilib və 10 milyondan çox tirajla dərc olunub. Onun əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Onun əsas nailiyyətləri qara dəliklərin təsvirində termodinamikanın tətbiqi və "qara dəliklər”in "Hokinq şüalanması” kimi tanınan proses nəticəsində "buxarlanmasının” sübuta yetirilməsidir.
21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürüb. Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o, həmçinin qara dəliklərin araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb.
Şərhlər