Avropanın dənizlərində təhlükəli dəyişiklik sürətlənir. Alimlərin fikrincə, sürətlə isinən sular ekosistemlərdən qida zəncirinə və sahilyanı icmalara qədər bir çox sahə üçün getdikcə daha böyük təhlükə yaradır.
Qaynarinfo xəbər verir ki, İsveçrə, İsveç, ABŞ, İrlandiya və Böyük Britaniyadan olan mütəxəssislər beynəlxalq alimlər qrupunun yaratdığı World Weather Attribution (WWA) çərçivəsində iqlim dəyişikliyinin dəniz səthinin temperaturunun artmasına təsirini təhlil ediblər.
Təhlilə görə, yay aylarında İrlandiyadan Aralıq dənizinə qədər uzanan ərazidə dəniz istilik dalğaları müşahidə olunub. Bəzi bölgələrdə dəniz səthinin temperaturu orta göstəricidən 6 dərəcəyədək yüksək olub.
Alimlər müəyyən ediblər ki, qalıq yanacaqların səbəb olduğu iqlim dəyişikliyi Aralıq dənizində təxminən 2 dərəcə, Biskay körfəzi və Pireney yarımadası ətrafında 1,4 dərəcə, Kelt regionunda isə 1,3 dərəcə istiləşməyə birbaşa səbəb olub.
Bu il Biskay körfəzi və Pireney sahilləri ərazisinin 90 faizi, Qərbi Aralıq dənizinin 80 faizi, Şərqi Aralıq dənizinin isə 70 faizi dəniz istilik dalğası şəraitindədir. Müəyyən edilib ki, iqlim dəyişikliyi olmasaydı, bu göstərici Biskay körfəzi və Qərbi Aralıq dənizində 40 faiz, Şərqi Aralıq dənizində isə cəmi 9 faiz olardı.
Təbiət və qida sistemləri üçün risk
Həddindən artıq okean istiliyi mərcanlar, süngərlər və makroyosunlar kimi yaşayış mühiti yaradan növlərin kütləvi şəkildə məhv olmasına səbəb ola bilər. Bu isə ekosistemlər boyunca zəncirvari təsirlər yarada bilər.
Dəniz istilik dalğaları quş və məməli populyasiyalarının da ciddi şəkildə azalmasına gətirib çıxara bilər.
London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin iqlim elmləri professoru Friderike Otto təhlili qiymətləndirərkən dənizlərin qlobal orta temperatur artım sürətini üstələyən templə istiləşdiyini bildirib.
“Bu vəziyyət quruda və dənizdə yaşayan canlılar üçün birbaşa nəticələrə səbəb olur. Qalıq yanacaqlardan uzaqlaşmağı gecikdirərək bir çox okean ekosistemini məhv olmağa daha bir addım yaxınlaşdırırıq”, deyə Otto bildirib.
Aydın
Şərhlər