Xəbər lenti

Sülh sazişi kimə lazımdır: Bakıya, yoxsa İrəvana?..
Hüseynbala Səlimov
Siyasət 15:56 16.10.2023

Sülh sazişi kimə lazımdır: Bakıya, yoxsa İrəvana?..

Nə etməli? Oturub daha otuz il gözləməli ki, ermənilər nə vaxt sülh sazişinə imza atacaqlar? 

Əslində çox çətin sualdır və ona birmənalı cavab vermək elə də asan deyil. Məsələ bundadır ki, sülh sazişi məsələsini ortaya atmaqla biz özümüzü üzücü prosesə qərq etmişik və bəzi dövlətlər bundan istifadə edərək bizi, bir daha deyirik ki, üzücü bir diplomatik dövriyyəyə cəlb edərək hər dəfə təkrar-təkrar keçmişə qaytarırlar – halbuki proses bizim üçün bitib. Amma yox, bunlar qəti usanmırlar, bir proses bitməmiş, o birisi başlayır, Qranadada stullar yığışmamış Brüsseldə açılır! 

Əslində bizim münaqişə ilə bağlı cəmi iki problemimiz qalıb. Bunlardan biri Ermənistan ərazsində qalan bir neçə - ona yaxın kənd məsələsidir. Digəri isə Zəngəzur problemidir.

Başlayaq Zəngəzur problemindən. Prinsipcə, bu məsələ gələcək sülh sazişinin tərkibində olmaya da bilər. Üstəlik, bu yaxınlarda bəyan edildi ki, Naxçıvana yol İran ərazisindən çəkiləcək. 

Həm də Azərbaycanın rəsmiləri bəyan etdilər ki, Zəngəzur dəhlizini zorakı yollarla və metodlarla açmaq fikirləri yoxdur. Bunu belə qəbul etmək olar ki, məsələ hələlik siyasi gündəmdə deyil. Əlbəttə, belə bir dəhlizin açılması Azərbaycanın tranzit imkanlarını artırardı. Amma biz başqa tranzit variantı haqqında düşünə bilərdik. Bu da Bakı-Tiflis-Qars dəmiryolu xəttidir. 

Bəli, onun gücünü artırmaqla qarşıdakı geoiqtisadi hədəflərə çata bilərdik. Axı bir vaxt deyirdik ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti təkcə Azərbaycanla Türkiyəni birləşdirməyəcək, o, həm də Avropadan Çinə yol açacaq. Ona görə də qeyd olunan layihənin bu aspektlərini inkişaf etdirməyi planlamaq olar. 

O ki qaldı Zəngəzur dəhlizinə, ümumiyyətlə, Ermənistanla sülh sazişi məsələsinə, İrəvan bilməlidir: nə qədər ki, saziş imzalanmayacaq, nə qədər ki, ona yaxın kənd də Azərbaycana qaytarılmayacaq, nə qədər ki, bir az əvvəl qeyd etdiyimiz Zəngəzur dəhlizi açılmayacaq, Ermənistan təcrid vəziyyətində qalacaq, ona qarşı blokada götürülməyəcək, nəinki Bakı, hətta Ankara bunu etməyəcək, İslamabad İrəvanla diplomatik əlaqələr və təmaslar qurmaycaq, çünki Zəngəzur dəhlizi məsələsi Pakistanın da maraqlarında olmalıdır. Bu isə o deməkdir ki, Ermənistan iqtisadiyyatı inkişaf etməyəcək. 

Burada nəzərə almaq lazımdır ki, Rusiya-Ermənistan əlaqələri də çox soyuq vəziyyətdədir. Bu günlərdə deyildi ki, bəs, Moskva Ermənistana göndəriləcək qazın qiymətini artırıb. Burada İrəvan Qərbə çox da arxayın ola bilməz. 

Birincisi, ona görə ki, qaz problemini Avropa da yaşayır. İkincisi, hazırda Qərb iki cəbhədə müharibə aparır – həm Ukraynada müharibə aparır, həm də Yaxın Şərqdə. 

Güman ki, Yaxın Şərq müharibəsi çox da çəkməyəcək, İsrail problemi daha tez həll edəcək, halbuki onun hərbi hədəfləri haqqında dəqiq məlumat yoxdur. Düzdür, hazırda ərəb dövlətləri HƏMAS-a dəstək vermir, amma ortada İran və Suriya da var. Xüsusən də böhran yaşayan İran üçün uzunmüddətli hərbi–siyasi böhran bir çıxış yolu ola bilərdi. 

Üstəgəl, Ukrayna müharibəsi haqqında bütün bunları demək olmur. Qərb hələ ki bu cəbhədə müharibəni dayandırmaq fikrində deyil. Amma qarşıdan ABŞ-da prezident seçkiləri gəlir. Odur ki, Ukrayna müharibəsi ABŞ demokratları üçün pozitiv PR da ola bilər, neqativ təbliğat da. Odur ki, hələ bunların hansının olacağını demək çətindir...

Elə bu səbəbdən də düşünürük biz Ermənistanla sülh sazişinin arxasınca çox qaçmamalıyıq. Birincisi, İrəvan təslim akıtını artıq imzalayıb. Bu da 2020-ci ilin Noyabr razılaşmalarıdır. İkincisi, Ermənistan baş naziri bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, hətta bunu yazılı şəkildə edib – səhv etmiriksə, sonuncu dəfə bunu Qranada görüşündə etdi və orada da xüsusi qətnaməyə imza atdı. 

Qeyd etmək lazımdır ki, digər dövlətlər, xüsusən də Rusiya dəfələrlə təsdiqləyib ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ərazsi kimi tanıyıb. 

Söz yox ki, burada başqa məsələlər də var. Biri budur ki, sülh sazişi imzalanarsa, bütün mina xəritələrini ala bilərik. Digəri isə odur ki, biz nə vaxtsa sərhədlərimizi razılaşdırmalıyıq. Amma səhv etmiriksə, bunu hələ Gürcüstanla da tam şəkildə razılaşdırmamışıq. Ona görə də Ermənistanın blokadasını davam etdirsək (qardaş Ankara ilə birlikdə!) bu hədəflərə də nail ola bilərik.
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->