Panama körfəzində son 40 ildən bəri fasiləsiz davam edən mühüm okean axını bu il ilk dəfə uğursuzluğa düçar olub. Alimlər bunu La Nina təsiri ilə əlaqələndirsə də, proses ekosistemlərin çökməsinin ilkin xəbərçisi kimi dəyərləndirilir.
Qaynarinfo xəbər verir ki, bu dəyişimin müvəqqəti sapma, yoxsa qalıcı ekoloji böhran olub-olmadığı isə hələ aydın deyil.
Adətən dekabr–aprel aylarında şimaldan əsən küləklər Panama körfəzində dərinliklərdən sərin və qida ilə zəngin suların üzə qalxmasına səbəb olur. Bu təbii proses dəniz canlıları üçün qida bolluğu yaradır, mərcan riflərini soyudur və ekoloji tarazlığı qoruyur. Lakin 2025-ci ildə bu mexanizm ilk dəfə işləmədi.
Smitsonian Tropik Araşdırmalar İnstitutunun mütəxəssisləri xəbərdarlıq edir ki, belə bir dayanma bölgənin ekosisteminə və iqtisadiyyatına "fəlakət" gətirə bilər.
Dəniz bioloqu doktor Aaron O’Dea bildirir ki, Panama dəniz biomüxtəlifliyinin 95 faizindən çoxu bu axınların gətirdiyi qida maddələrinə bağlıdır:
"Əgər bu axın qalıcı olaraq dayanarsa, qida zəncirləri çökəcək, balıqçılıq kəskin azalacaq və mərcan riflərində istilik stresi sürətlə artacaq".
Müşahidələrə görə, normalda 66 gün davam edən soyuma prosesi bu il yalnız 12 gün çəkib və ən aşağı temperatur 23,3 dərəcəyə enib. Bu isə adi dövrlə müqayisədə 82 faiz daha qısa müddət deməkdir. Plankton partlamasının baş verməməsi balıq və digər dəniz canlıları üçün zəncirvari böhran yaradıb.
Mütəxəssislər bu dəyişimin səbəbini əsasən şimal küləklərinin 74 faiz zəifləməsi ilə izah edir. Həmçinin prosesin 2025-ci ildə təsirini göstərən La Nina fenomeni ilə əlaqəli ola biləcəyi qeyd olunur. Normalda La Nina okeanları soyutsa da, bu dəfə təsir əks nəticə verib.
ENSO (El Nino–Cənub dalğalanması) dövrünün qeyri-adi gedişi alimlərdə narahatlıq doğurur.
Alimlər tropik okean axınlarını izləməklə səbəbləri daha dəqiq anlamağa çalışır. İlkin nəticələrə görə, bu proses yalnız Panama deyil, bütün Sakit okean sahilləri və qlobal ekosistemlər üçün domino effekti yarada bilər.
Dr. O’Dea xəbərdarlıq edir: "İqlim dəyişikliyi minilliklərdir sabit hesab edilən təbii prosesləri alt-üst edə bilər. Bu isə təkcə ekoloji deyil, sosial və iqtisadi böhranları da qaçılmaz edəcək".
Panama körfəzində baş verənlər sual doğurur: artıq təbiətin öz dövrlərinə belə güvənə bilmədiyimiz bir dövrəmi qədəm qoyuruq? Cavab hələlik bəlli olmasa da, təbiətin həyəcan siqnalları artıq çalınır.
Aydın
Şərhlər