İdman 18:03 11.12.2023

"Sumqayıt”ın kapitanı: “Bundan dərs çıxaracağıq”

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt” doğma meydanda "Qarabağ”ı qəbul etdi. Qarşılaşma meydan sahiblərinin böyükhesablı məğlubiyyəti (1:6) ilə nəticələndi. Son Azərbaycan çempionu "Sumqayıt”ın qapısından altı qol keçirməklə növbəti dəfə bu rəqibini ağır məğlubiyyətə uğratdı. 

Bu, "Qarabağ”ın 2023-cü ildə "Sumqayıt” üzərində üçüncü böyükhesablı qələbəsi oldu. İlk dövrədə Samir Abasovun komandası 0:6 hesabı ilə məğlub olmuşdusa, ötən mövsümün martında sumqayıtlılar "Qarabağ"la matçda qapılarında beş cavabsız qol görmüşdü. Maraqlıdır, belə çıxır ki, "Suqmayıt” qarşısında "Qarabağ”ı görəndə köklənmə problemi yaşayır. 

Məğlubiyyətin səbəbləri ilə bağlı komandanın kapitanı Vüqar Mustafayev fikirlərini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında komandasının hazırkı durumu, mövsümün sonunda avrokuboklara vəsiqə ümidi və bir sıra məsələlərlə bağlı danışıb:

"Digər oyunlara necə hazırlaşırıqsa, "Qarabağ”la da matça eyni şəkildə hazırlıq görmüşdük. Açığı, hamı yaxşı köklənmişdi, ən azından xal almaq istəyirdik. Sadəcə "Qarabağ” elə komandadır ki, səhvi bağışlamır. Bu onların ən üstün cəhətidir. Öz səhvlərimiz üzündən məğlub olduq, bundan dərs çıxaracağıq”.

Mustafeyev avrokuboklara vəsiqə uğrunda mübarizədən qopmayacaqlarına və yuxarı pillələrdə qalacaqlarına ümid etdiyini bildirib:

"Çempionat maraqlı və gərgin keçir. Demək olar turnir cədvəlində hamı bir-birinə yaxındır. Bacardığımız qədər mövsümün sonuna kimi yuxarı pillələrdə olmağa çalışacağıq. Bunun üçün mübarizə aparacağıq”.

"Sumqayıt” növbəti turda "Kəpəz”lə qarşılaşacaq. Hansı ki, digər komandalar Gəncə klubuna, həmçinin digər autsayder "Qəbələ”yə "altıxallıq” rəqib kimi baxır. Vüqar isə belə düşünmür:

"Mən elə düşünmürəm. "Kəpəz” və "Qəbələ” yaxşı komandadır. Hazırda çempionatda zəif komanda yoxdur. Uzaq səfərə gedəcəyik. Bizi ağır, gərgin oyun gözləyir. Bunu bilirik, dərk edirik və yaxşı nəticə qazanmaq istəyirik”.

Futbolçu çempionatın maraqlı keçdiyini, buna baxmayaraq, hələ heç nəyə təəccüblənmədiyini də vurğulayıb:

"Mövsüm çox maraqlı və gərgin keçir. Düşünürəm ki bu maraq və gərginlik mövsümün sonuna kimi davam edəcək. Hələ ki, nəyəsə təəcüblənməmişəm”.

Səbuhi Həsənov