Xəbər lenti

Süni intellekt alimləri 80 il düşündürən riyazi problemi həll etməyə kömək etdi
Texnologiya 22:31 18.07.2026

Süni intellekt alimləri 80 il düşündürən riyazi problemi həll etməyə kömək etdi

Bir qrup tədqiqatçı müasir riyaziyyatın ən məşhur simalarından biri olan Pal Erdöşün irəli sürdüyü və 80 il ərzində həll olunmayan riyazi problemlərdən biri ilə bağlı yeni nəticə əldə etdiklərini açıqlayıb. 

Qayanrinfo xəbər verir ki, "IFLScience” nəşrinin yazdığına görə, bu nəticəyə süni intellektin köməyi ilə nail olunub. Araşdırmanın nəticələri "OpenAI”nin saytında dərc edilib.

Prinston Universitetinin kombinatorika üzrə alimi Noqa Alon nəticəni müşayiət edən məqaləyə yazdığı rəydə bunu son dövrlərin ən diqqətçəkən nailiyyətlərindən biri adlandırıb.

"Bu, indiyədək gördüyüm ən təsirli fərdi nəticələrdən biridir. Hazırda demək olar ki, hər bir neçə gündən bir süni intellektin köməyi ilə əldə edilmiş yeni riyazi sübut ortaya çıxır. Bu, riyazi tədqiqatların simasını həqiqətən dəyişir", deyə o bildirib.

Texas Universitetinin fizik və riyaziyyatçısı Tomas Çen isə süni intellektdən istifadənin müəyyən narahatlıqlar doğurduğunu söyləyib. Onun fikrincə, riyaziyyatda "qara qutu" prinsipinə əsaslanan sistemlərin tətbiqi bu elmin əsas prinsiplərini dəyişə bilər.

Söhbət hansı problemdən gedir?

Pal Erdöşün hipotezi müstəvidə verilmiş istənilən sayda nöqtə arasında eyni məsafədə yerləşən cütlərin maksimal sayının müəyyən edilməsinə aiddir. Bu problem onilliklər ərzində riyaziyyatçılar üçün açıq qalmışdı.

Lakin "OpenAI” sisteminə bu məsələ təqdim edildikdə, süni intellekt hipotezi təsdiqləmək əvəzinə onu təkzib edən əks nümunə irəli sürüb.

Mançester Universitetinin arifmetik kombinatorika üzrə alimi Tomas Blum bildirib ki, sonradan baxdıqda bu əks nümunə Erdöşün ilkin qəfəs konstruksiyasının təbii, lakin kifayət qədər mürəkkəb ümumiləşdirilməsi kimi görünür.

Süni intellekt bunu necə bacardı?

Məqalədə qeyd olunur ki, belə əks nümunəni insanın tapması üçün bir neçə nadir şərtin eyni vaxtda yerinə yetirilməsi lazım idi. Tədqiqatçı həm bu konkret problemlə dərindən məşğul olmalı, həm də sahələr nəzəriyyəsi kimi riyaziyyatın olduqca spesifik istiqamətləri üzrə geniş biliyə malik olmalı idi.

Noqa Alonun sözlərinə görə, süni intellekt cəbri ədədlər nəzəriyyəsinin mürəkkəb alətlərindən istifadə edib.

"Bəlkə də sonradan baxanda bu əlaqə tam gözlənilməz görünmür. Amma ilk baxışda ağla gələn yanaşma da deyil", deyə alim qeyd edib.

Tədqiqatçılar əlavə ediblər ki, belə bir həll üçün insana həm uzunmüddətli səbir, həm də inadkarlıq lazım olardı. Süni intellekt isə yorulmur, emosiyalara malik deyil və fasiləsiz şəkildə müxtəlif yanaşmaları yoxlaya bilir. Bu xüsusiyyətlər mürəkkəb problemlərin həllində ona mühüm üstünlük qazandırır.

Süni intellektin köməyi ilə hazırlanmış vaksin

Bundan əvvəl Kembric Universiteti və Böyük Britaniyanın "DIOSynVax” biotexnologiya şirkətinin hazırladığı universal koronavirus vaksini insanlar üzərində ilk klinik sınaqları uğurla başa vurub.

Bu vaksinin hazırlanması zamanı süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə olunub. Həmin texnologiyalar immun sisteminə müxtəlif koronavirusları tanımağı öyrədən xüsusi "superantigen"in hazırlanmasına kömək edib. Bu, süni intellektin iştirakı ilə yaradılmış vaksinin insanlar üzərində uğurla sınaqdan keçirildiyi ilk nümunələrdən biri hesab olunur. 

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->