Müasir tibbi xüsusi avadanlıq, texnoloji yeniliklər olmadan təsəvvür etmək çətindir. Həkimin qəbuluna gələn xəstə çox zaman analiz verməyə, UZİ və ya rentgen aparatından keçməyə göndərilir. Bəzən daha çox cihaza müraciət edilir. Həkimin cihazlardan asılılığı yaranıb.
100 il öncənin həkimi xəstənin halını rəngindən təyin edirdi. Hazırda isə bir sıra cərrahi əməliyyatı robotlar reallaşdırır. Texnologiya inkişaf etdikcə, gələcəkdə daha çox cihazın istifadəsi qaçılmaz olacaq. Bəzi proqnozlara görə, robotlar həkimləri cərrahiyyə, diaqnostika kimi sahələrdə tam əvəzləyə biləcək. Texniki tərəqqi böyük imkanlar yaratdığı kimi özündə bəzi təhlükələri də daşıyır.
Qaynarinfo.az saytı "Süni intellekti olan tibbi qurğular gələcəkdə insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilə, robotlar isə insan-həkimləri tam əvəzləyə bilərmi” kimi sualları mütəxəssislərə yönləndirib.
Milli Onkologiya Mərkəzinin baş direktorun müavini, uzman onkouroloq
Fuad Quliyev texnoloji tərəqqinin nailiyyətləri olmadan müasir tibbi təsəvvür etmədiyini bildirib: "Hazırda tibb müəssisələrinin hər bir otağı, həkimin ixtisasından asılı olmayaraq kompüter və müasir tibbi avadanlıq ilə təchiz olunub. Tibdəki elmi və texnoloji inkişaf xəstələrin sağlamlığının qorunmasında mühüm rol oynayır. Son 50 ildə əldə edilmiş nailiyyətlər səhiyyə tarixində ən əlamətdar və təsiredici olub.
Məsələn, kompüter tomoqrafiyasının klinik praktikaya tətbiqi insanın daxili orqanlarının şəkillərini göstərməyə imkan verib, pozitron-emisyon tomoqrafiyasının tətbiqi isə öz növbəsində xəstəliyin ən kiçik nöqtələrini belə müəyyənləşdirməyə şərait yaradıb. Müasir cihazların xəstəliklərin diaqnozu və müalicəsində əvəzsiz rolunu təsdiq edən bir çox nümunəni göstərmək olar. Ancaq biz texnologiyaya tam etibar edə bilərikmi? Yaxın gələcəkdə bizi nə gözləyir? Bu suallara cavab vermək çox çətindir.
Təəssüf ki, tibb sahəsində texnoloji tərəqqinin başlaması ilə bir xəstənin stetoskop ilə sinəsinə qulaq asan bir həkim "görüntüsü” daha az rast gəlməyə başlamışıq. Bu gün xəstə ilə ünsiyyətə məhəl qoymayan və ya bəzən sadəcə bunu "unudan” gənc həkim nəsli böyüyür. Qərar vermək üçün onlara sadəcə müayinələrin nəticələrinə baxmaq kifayət edir. Bu da öz növbəsində həkim və xəstə arasında yaranan "etibarı” itirir. Axı, xəstənin özü həkimə xəstəliyi barədə çox məlumat verə bilər. Həqiqi bir mütəxəssis öz təcrübəsinin və tədqiqat nəticələrinin sintezini yaradır və bundan xəstənin sağlamlığı üçün istifadə edir”.
Fuad Quliyev robotun həkimi tam əvəzləyəcəyi fikrinin doğru olmadığını düşünür: "Bu gün, əvvəllər bizə ağlasığmaz, real olmayan, fantastik və mistik görünən şeylər gündəlik həyatımızın bir hissəsi olub. Hazırda robotlar cərrahi əməliyyatlarda daha sıx istifadə edilməyə başlanılıb. Ancaq robot cərrahiyyəsi haqqında yanlış bir təəssürat yaranıb. Əksər xəstələr robot cərrahiyyəsini süni intellektə əsaslanan bir robotun həyata keçirtdiyi bir əməliyyat olduğunu düşünür. Əslində, cərrahi robot avatar prinsipi ilə işləyən və cərrahın hərəkətlərini təqlid edən vasitədir.
Süni intellektin inkişafına hələ bir neçə il var. Yaxın gələcəkdə robotların və süni intellektin həkimi tamamilə əvəz edəcəyinə dair fərziyyə yanlışdır. Mur qanunu artıq praktik olaraq işləmir və müasir mikroprosessorların inkişaf sürəti dayanıb. Birmənalı, texnologiyanın inkişafından və onun insan bədəninin müayinəsində geniş imkanlar yaratmasından asılı olmayaraq həlledici rol insanın əlində olacaq. Həkim olmaq bir sənətkar olmaq deməkdir və müasir cihazların heç biri bu gün həkimi əvəz edə bilməz. Həm də unutmayaq ki, ən müasir cihazlar belə səhvə yol verir”.
İT mütəxəssisi, aparıcı proqramçı Cavid Xəlilov məsələyə "insan və ya cihaz qarşıdurması” kimi baxmağın doğru olmadığını deyir: "Müasir tibdə ən sadə diaqnozu qoymaq üçün belə rentgen və UZİ kimi cihazların olması mütləqdir. Hazırki cihazlar, əslində, diaqnoz qoymur, onlar insan orqanizmdəki problemi görməyə kömək edir, müalicəni isə həkim təyin edir. Bu avadanlıq olmasa, həkim elə bil qaranlıq otaqda olan insana bənzəyər. Məncə, məsələni insan və ya cihaz qarşıdurması kimi qoymaq olmaz. Hər ikisinin öz yeri var.
Hazırda sırf robotların müstəqil əməliyyat aparması praktikada çox tətbiq olunmur. Robot sadəcə həkim-cərrahın idarəsi ilə işləyir. Bunun bir sıra müsbət cəhəti var. Robotun bir neçə qolu olur, əl əsmək söhbəti yoxdur. İki əli olan cərrah robotun üstünlüklərindən məharətlə istifadə edə bilir. Bəlkə də gələcəkdə robot cərrahı tam əvəzləyə biləcək. Əməliyyat edilən insan üçün burada bir sıra təhlükə də var, çünki istənilən sistemdə xəta olur. Beləliklə, istənilən nəticə əldə edilməz, hətta ölüm halları ilə də üzləşə bilərik. Amma istənilən səhvə insan da yol verir. Bununla dəfələrlə rastlaşırıq. İnsan eyni səhvi bir neçə dəfə təkrar etsə də, robotun yol verdiyi səhvi təkrarlaması şansı daha azdır”.
Proqramçı süni intellektin bəşəriyyət üçün təhlükə olmadığını düşünür.: "Süni intellekt, əslində, bəşəriyyət üçün təhlükə deyil, çünki o insan kimi düşünmür. Bəzən insanlar yanlış olaraq süni intellektin şüura malik olduğunu fərz edirlər. Bu belə deyil, süni intellekt sadəcə ona verilən məlumatı analiz edərək nəticəyə uyğun olaraq gələcəyə proqnoz verə bilir, bir sıra alqoritmi məlum olmayan məsələni həll edə bilir. Nümunə olaraq təsvirin tanınması, proqnozlaşdırma, qruplaşdırma məsələləri və bu kimi işləri görür. Süni intellekt metodları tibdə çox perspektivlidir. Hazırda Türkiyənin "Yıldız” Texniki universitetində insan orqanizmindən alınmış təsvirlər əsasında xərçəng hüceyrələrinin ilkin mərhələdə təyin olunması üzrə elmi-tədqiqat işləri aparılır. Bu yaxınlarda Google şirkətinin süni intellekt proqramı xəstələrə bir klinikada diaqnoz təyin etməyə başlayıb. Nəticəyə baxarkən məlum olub ki, həmin diaqnoz həkim diaqnozundan daha dəqiq olub”.
Şərhlər