XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Super El-Nino ehtimalı artır: Mümkün nəticələri nə ola bilər?
Dünya19:00 20.08.2026

Super El-Nino ehtimalı artır: Mümkün nəticələri nə ola bilər?

Sakit okeanın ekvatorial hissəsində anomal istiləşmə bütün dünyada hava şəraitini dəyişə biləcək Super El-Nino hadisəsinə səbəb ola bilər. Bu, güclü istilər və quraqlıqdan dağıdıcı daşqınlara qədər müxtəlif nəticələrə gətirib çıxara bilər.

Qaynarinfo xəıbər verir ki, “Bloomberg”in məlumatına görə, kənd təsərrüfatı məhsulları və enerji bazarlarında sabitliyin pozulması inflyasiyanın artmasına və dünya iqtisadiyyatının zəifləməsinə səbəb ola bilər.

ABŞ-ın İqlim Proqnozları Mərkəzi daha əvvəl El-Ninonun bu ilin sonunda 1950-ci ildən bəri aparılan müşahidələr tarixində rekord gücə çatması ehtimalını 69 faiz qiymətləndirib. Bu proqnoz hazırkı hadisənin Super El-Ninoya çevrilə biləcəyi ehtimalını gücləndirib.

El-Nino zamanı adətən şərqdən qərbə doğru əsən və Sakit okeanın isti sularını Asiyaya doğru hərəkət etdirən passat küləkləri zəifləyir, hətta istiqamətini dəyişir. Bu dəyişikliklərin dəqiq səbəbi məlum deyil. Nəticədə isti su Amerika qitəsi istiqamətində hərəkət edərək Sakit okeanın mərkəzi və şərq hissələrinin böyük ərazilərini qızdırır. Bu əlavə istilik okean üzərindəki atmosferi dəyişir, fırtınaların trayektoriyalarına və yağıntıların xarakterinə təsir göstərir.

El-Nino hava şəraitinə necə təsir edir?

El-Nino dəqiq qrafik üzrə baş vermir. Adətən 2-7 ildən bir müşahidə olunur və hər dəfə onun gücü və davametmə müddəti fərqli olur. Sonuncu dəfə El-Nino 2023-2024-cü illərdə qeydə alınıb.

Hadisə Sakit okeanda ENSO kimi tanınan daha geniş iqlim dövrünün bir hissəsidir. Bu dövr El-Nino, onun daha soyuq əksi olan La-Ninya və bu iki mərhələ arasındakı neytral fazanın növbələşməsi ilə xarakterizə olunur. La-Ninya zamanı şərqdən qərbə əsən passat küləkləri güclənir və isti suları daha qərbə doğru sıxışdırır. Nəticədə Sakit okeanın şərq hissəsində temperatur normadan aşağı düşür.

Planet səthinin təxminən üçdə birini əhatə edən Sakit okeanın nəhəng ölçüləri ENSO hadisəsinin qlobal hava şəraitinə çox böyük təsir göstərməsinə imkan verir. Oxşar proseslər Atlantik və Hind okeanlarında da baş versə də, onların miqyası Sakit okeandakı qədər böyük deyil. El-Nino və La-Ninyonun aktivliyinin pik dövrü adətən dekabr-yanvar aylarına təsadüf edir, lakin onların təsirləri aylarla davam edə bilər.

El-Ninonun Sakit okeandan atmosferə tədricən buraxdığı istilik qlobal temperaturun yeni rekordlara çatmasına səbəb ola bilər. Alimlər 2027-ci ilin müşahidələr tarixində ən isti illərdən biri olacağını və hətta 2024-cü ili birinci pillədən sıxışdıra biləcəyini proqnozlaşdırırlar. 2024-cü ildə qlobal temperatur sənayedən əvvəlki orta göstəricidən 1,5°C yüksək olub.

El-Nino müxtəlif regionlara fərqli təsir göstərir. Nəticələr adətən əvvəlcə tropiklərdə özünü göstərir, daha sonra Avstraliya, Asiya, Amerika və Afrikaya yayılır.

Avstraliya, Cənub-Şərqi Asiya, ABŞ-ın şimalı və Kanadada hava adətən daha isti və quraq olur. Bu isə quraqlıq və meşə yanğınları riskini artırır. Hindistanda musson yağıntılarının rejimi pozula bilər. ABŞ-ın cənubunda, Çilidə, Argentinada və Şərqi Afrikanın bəzi bölgələrində isə daha rütubətli hava və daşqın riskinin artması müşahidə olunur.

El-Nino illərində Atlantikada qasırğa mövsümü adətən daha sakit keçir. Buna güclənən külək qayçılanması, yəni küləyin sürətinin və ya istiqamətinin qəfil dəyişməsi səbəb olur. Bu proses formalaşan fırtınaları zəiflədə bilər.

Adətən iyun-noyabr aylarında Atlantik okeanında təxminən 14 tropik fırtına qeydə alınır. Bu dəfə isə El-Ninonun da təsiri ilə onların sayının 7-13 arasında olacağı proqnozlaşdırılır.

Bunun əksinə, Sakit okeanda tayfunların aktivliyi, bir qayda olaraq, artır. Daha isti su tropik fırtınalara əlavə enerji verdiyindən Asiya daha böyük zərər riski ilə üzləşə bilər.

El-Ninonun dəyişiklikləri niyə əhəmiyyətlidir?

Bu dəyişikliklərin əvvəlcədən proqnozlaşdırılması fırtınaları, quraqlıqları, məhsuldarlığı və enerji tələbatını öncədən qiymətləndirməyə imkan verdiyi üçün böyük əhəmiyyət daşıyır.

Anomal istilik kondisionerlərdən istifadə üçün elektrik enerjisinə tələbatı artırır. Bu, elektrik şəbəkələrinin yüklənməsinə və enerji kəsintilərinə səbəb ola bilər. Yağıntıların azalması isə su elektrik stansiyalarında istehsalı aşağı salır.

Treyderlər məhsul, resurs hasilatı və logistika ilə bağlı riskləri də izləyirlər. Məsələn, Panama kanalında su səviyyəsinin azalması dünya ticarətinin ləngiməsinə səbəb ola bilər.

Hadisənin müəyyən müsbət tərəfləri olsa da, iqtisadi itkiləri əldə edilən faydaları əhəmiyyətli dərəcədə üstələyə bilər. Məsələn, 1997-1998-ci illərdəki El-Nino dünya iqtisadiyyatına 5,7 trilyon dollar həcmində itirilmiş ÜDM hesabına zərər vurub.

El-Nino ərzaq istehsalına necə təsir edir?

Bəzi kənd təsərrüfatı məhsulları El-Ninodan faydalana bilər. Məsələn, Kaliforniyada yağıntıların artması avokado və badam məhsuldarlığını yüksəldə bilər.

Lakin düyü, buğda, palma yağı, qəhvə və şəkər kimi bir sıra əsas məhsullar daha quraq və isti hava şəraiti ilə bağlı risklərlə üzləşir.

El-Nino qurudakı təsirlərlə yanaşı, okean balıqçılığına da zərər vura bilər. Sakit okeandakı isti su qida maddələri ilə zəngin soyuq suyun səthə qalxmasına mane olur və fitoplanktonun miqdarını azaldır. Nəticədə Peru ançovusu kimi balıqların daha dərin sulara çəkilməsi mümkündür ki, bu da onların ovlanmasını çətinləşdirir. Tropik balıq növləri isə adətən daha soyuq olan bölgələrə miqrasiya edə bilər.

“Bloomberg”in vurğuladığı kimi, aşağı məhsuldarlıq, balıq ovunun azalması və ekstremal hava şəraiti səbəbindən heyvandarlıq itkiləri qlobal ərzaq təhlükəsizliyi üçün risk yarada və qiymətlərin artmasına səbəb ola bilər.

El-Nino ilə bağlı son proqnozlar

“Business Today” daha əvvəl Sakit okeanda El-Ninonun güclənməyə davam etdiyini və hadisənin bu tip ən güclü iqlim hadisələrindən birinə çevrilə biləcəyini yazıb. Alimlərin proqnozlarına görə, onun pik həddinə noyabr-dekabr aylarında çatması gözlənilir ki, bu da qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola bilər.

Tədqiqatçıların sözlərinə görə, belə temperatur göstəriciləri planeti yüz minlərlə il ərzində müşahidə olunmayan iqlim şəraitinə gətirib çıxara bilər.

Aydın