Xəbər lenti

İdman 09:30 06.07.2022

Superfinala vəsiqə qazanan baş məşqçimiz: “Hakimlər bizə çox haqsızlıq edirdilər”

Çimərlik yığması üzrə millimiz bir neçə gün öncə Azərbaycan adına uğurlu nəticəyə imza atdı. Avropa çempionatının seçmə mərhələsində Almaniya, İtaliya və İspaniya kimi rəqiblərin yer aldığı qrupda mübarizə aparan komandamız sentyabrın 6-11-də keçiriləcək Superfinala vəsiqə qazandı. 

Millimizin baş məşqçisi Zeynal Zeynalov bu uğurla bağlı Qaynarinfo-ya müsahibə verib, qarşıdakı planlardan danışıb.

- Əvvəlcə keçirdiyiniz oyunlar haqqında təəssüratlarınızı bölüşərdiniz. Komandamız necə hazırlaşmışdı və istədiyinizi ala bildiniz?

- İndiki nəticə komandamız üçün əladır. Bildiyiniz kimi, 3 oyun keçirdik. Almaniya, İtaliya və İspaniya ilə qarşılaşdıq. Əvvəlcə İtaliya ilə oynadıq. Məğlub olsaq da, uşaqlar yaxşı oynadı. İkinci oyunda almanlara qaib gəlsək də, üçüncü turda ispanlara uduzduq. Buna baxmayaraq, Superfinala vəsiqə qazandıq. Uşaqlar, demək olar, bütün oyunlarda özlərini yaxşı tərəfdən göstərdilər. Xüsusən də İspaniya ilə matçda. Amma hakimlərin hər üç komandaya simpatiyası hiss olunurdu. Bizə qarşı çox haqsızlıq edirdilər. Yenə də uşaqlara halal olsun. Verilən tapşırıqları artıqlaması ilə yerinə yetirdilər. Onlardan razı qaldım.

- İtaliya, İspaniya, Almaniya… Ad olaraq böyük futbolda ən nəhəng komandalardandır. Çimərlik fubolunda da eyni keyfiyyətə malikdirlər?

- Bəli, demək olar, eyni nüfuza malikdirlər. Amma həmişə uşaqlara deyirəm ki, meydançada ad deyil, futbolçu rol oynayır. Hər şeyi oyunçunun istəyi, xarakteri həll edir. Həmişə uşaqlara başa salıram, adın bizim üçün önəmi yoxdur. Biz Azərbaycanı layiqincə təmsil etməliyik. Uşaqlara afərin deyirəm ki, əllərindən gələni etdilər. Bir daha vurğulayım ki, hakimlər bəzən bizə oynamağa imkan vermirdi. Rəqiblərə daha çox simpatiya göstərirdi. İstənilən halda əsas məqsədimiz Superfinala vəsiqə qazanmaq idi və bunu bacardıq.

- Hakimlərin rəqibərə daha çox simpatiya bəsləməsinə etiraz etdiniz? Bu, nə ilə əlaqədar idi?

- Bizim etirazımızın onlar üçün heç bir önəmi yox idi. Bilirsiniz ki, İspaniya, Almaniya, İtaliya futbol ölkəsi sayılır. Onlara həmişə simpatiya olub. Ona görə də uşaqlara başa salırdım ki, belə hallar gözlənilir. Buna hazır olmaq lazımdır. Almaniyaya da çox köməklik etdilər. Ancaq qələbə qazandıq. 

- Oyunlardan əvvəl rəqibləri analiz etmək imkanınız olmuşdu?

- Hər oyundan əvvəl analiz edirdik. Öz oyunumuzu da onlara uyğun qururduq. Demək olar, ən çətin qruplardan birinə düşmüşdük. 

- Komanda sentyabrda superfinalda oynayacaq. Bu mərhələdə reytinq baxımından kimlərə rəqib ola bilərik?

- Hazırda Avropada ilk "10-luq”dayıq. Bir oyunumuz qalıb. Ukrayna ilə oynamalıyıq. Bu komandanı da keçsək, Avropada ilk "altılığ”a düşəcəyik. Bu, Azərbaycan üçün böyük nəticədir. Bir ilk ola bilər.  

- Ukrayna millisi ilə bağlı nə düşünürsünüz? Oyunlarına baxıb analiz etmisiniz?

- Həddindən artıq güclü, çətin rəqibdir. Amma uşaqlara demişəm ki, bu bizim üçün şansdır. Əvvəla Azərbaycanı təmsil edirik. Ölkənin adını həmişə yüksəklərdə saxlamalıyıq. Ukraynanın oyunlarını analiz etmişik. Yenidən baxılacaq, ona uyğun hazılaşacağıq. Nəticənin necə olacağını, zaman göstərəcək. Çalışacağıq qələbə qazanaq. 

- Ümumiyyətlə, Superfinaldan gözləntiləriniz nədir?

- Bu, Azərbaycan millisi üçün böyük nəticədir. Çimərlik futbolunun bütün "qaymaqları” Superfinalda olur. Bundan sonra da hər addım Azərbaycan üçün böyük nəticədir. Portuqaliya, İspaniya, İtaliya… Ən güclü komandalar toplaşıb. Zəif, rahat keçiləsi rəqib yoxdur. İrəli getmək şansımız var. 

- Superfinala hələ iki ay vaxt var. Ona qədərki planlarınız necədir?

- Uşaqları bir həftəlik istirahətə buraxmışam. Yığışandan sonra yoldaşlıq oyunları keçirməyi planlaşdırmışıq. Rəhbərliklə də danışılacaq. Güclü rəqiblərlə beynəlxalq yoldaşlıq matçları keçirmək istəyirik. Çünki Superfinalda rəqiblərimiz də güclü olacaq. Çalışırıq ki, yoxlama oyunlarının sayı çox olsun. 

- Xaricdə təlim-məşq toplanışı da nəzərdə tutulub?

- Bəli, nəzərdə tutulub. Danışıqlardan sonra bilinəcək. İran, Belarus yığmaları ilə oynamaq olar. Həm güclü rəqiblərdir, həm də bizə yaxındırlar.  

- İllərdir, demək olar, eyni fubolçular görürük çimərlik yığmasında. Yəqin ki, sentyabra qədər də ciddi dəyişiklik gözlənilmir. Heyətlə bağlı hansısa yeniliklərə şahidlik edə bilərik?

- Yenilik deyəndə, 7-8 nəfər yeni futbolçumuz var. Demək olar, ikinci "dördlük” təzədir. Əlavə bir neçə nəfər də futbolçu var. Hələ ki, yolumuzu indiki futbolçularla davam etdirəcəyik. Oyunçu tapmaq çətindir. Çimərlik futbolunda çempionat keçirilmədiyinə görə əziyyət çəkirik. Futbolçular da hamısı böyük futbola qaçır. Onları da Birinci Diviziondan, minifutboldan, Region Liqasından götürmüşük. Yenə də axtarırıq, məşqlərə cəlb edirik ki, bizimlə olsunlar. Hazırkı heyətdə yəqin ki, ciddi dəyişiklik olmayacaq. Superfinala elə bu oyunçularla gedəcəyik. Ola bilər müəyyən kiçik dəyişikliklər edək.

- Ölkədə çimərlik futbolu üzrə millimiz fəaliyyət göstərsə də, müəyyən vaxtdan sonra bu komandanın olmayacağı ilə bağlı narahatlıqlar var. Çünki sırf çimərlik üzrə futbolçu yetişmir. Bu vəziyyətdən çıxış yolu və ölkədə çimərlik üzrə futbolçu yetişdirmək üçün lazımi şərait var?

- Olimpiya yığması yaratmışıq. 19-21 yaşlı uşaqlardan ibarədir. Məşqçilərimiz uşaqları nəzarətdə saxlayırlar. Həmin yığmada iki futbolçu var ki, əsas milliyə cəlb etmək istəyirik. Bu yöndə işlər gedir. Digər futbolçuları da diqqətdə saxlayırıq. İmkan daxilində onları da əsas milliyə "dartmağa” çalışacağıq. Bizimlə məşq edib uyğunlaşsınlar. Çimərlik futbolu klublarımız olmadığı üçün onlar futzalda, böyük futbolda oynayırlar. 

- Ümumiyyətlə, çimərlik üzrə futbolçu seçərkən nəyə diqqət yetirmək vacibdir? Hər halda hamar meydandan quma keçmək çətinlik yaradır…

- Bu spesifik futboldur, hər adam oynaya bilmir. Futbolçudan asılıdır, uyğunlaşa bilirsə, bizimlə qalır. Burada əsas rol oynayan onun texnikası və fiziki durumudur. Hər ikisi yaxşı olmalıdır.

- Ölkədə çempionat keçirməklə bağlı AFFA-ya müraciət etmisinizmi? Ümumiyyətlə, Azərbaycanda çimərlik futbolu üzrə çempionat üçün lazımi şərait var?

- Çempionat hələ ki, azyaşlılar arasında olacaq. Superfinala hazırlıqlara görə böyüklər arasında hələlik çempionat gözlənilmir. Amma olmasını istəyərdik. Klubları yığmaq çətindir. Üstübağlı meydançamız olmadığına görə hələ ki, qış mövsümündə çempionat keçirmək üçün şəraitimiz yoxdur. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->