Foto 15:48 09.12.2023

Suraxanıdakı intiharla bağlı cinayət işinin icraatı dayandırıldı, mərhumun yaxınları etiraz etdi

Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun intihari ilə bağlı başlanan cinayət işinin icraatı dayandırılıb. 

Bu barədə Qaynarinfo-ya mərhumun yaxınları bildirib. 

Onların sözlərinə görə, Suraxanı Rayon Prokurorluğundan daxil olan məktubda cinayət işinin icraatının dayandırılması təqsirləndirilən şəxsin müəyyən edilməməsi ilə izah edilib. 

"Halbuki İntiqam Zamanovun cibindən məktub tapılıb. Bu məktubu intihar etməzdən əvvəl yazıb. O, həmin məktubda aydın şəkildə yazıb ki, ölümündə oğlu günahkardır", deyə mərhumun yaxınları bildirib. 

İntiqam Zamanovun yaxınları məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədir: "Biz bu işi belə qoymaq niyyətində deyilik. Hamı bilir ki, İntiqam Zamanovun ölümündə ailə üzvləri, xüsusilə oğlu günahkardır. Ona görə də prokurorluğun qərarından şikayət edəcəyik".

İntiqam Zamanov cari ilin fevralında Suraxanı rayonunda intihar edib. Onun ölümüdən sonra yaxınları müvafiq qurumlara, eyni zamanda mediaya müraciət edərək intihar hadisəsində mərhumun ailə üzvlərini ittiham edib. Onlar bildirib ki, İntiqam Zamanov intihar etməzdən əvvəl şərələnərək evdən qovulub və bundan sonra intihar edib. Hadisədən əvvəl isə məktub yazaraq ailə üzvlərini ittiham edib. 

Seyid