Xəbər lenti

Siyasət 14:00 16.06.2021

Şuşa Bəyannaməsi Kremlin Bakıya təzyiqlərini nə dərəcədə neytrallaşdıracaq?

"Şuşa Bəyannaməsi prosesin hələ bir parçasıdır. Təxmin edirəm ki, yaxın gələcəkdə ardıcıllıqla Rusiya-Azərbaycan, Türkiyə-Rusiya arasında Şuşa Bəyyanaməsi ağırlığında olmasa da, bu cür kontekstdə əməkdaşlığa hesablanmış müqavilələr imzalanacaq. Hətta belə bir müqavilə Türkiyə ilə Ermənistan arasında da olacaq. Daha sonra isə Tehranla Bakı arasında məhdud səviyyədə olsa da, əməkdaşlıq perspektivləri görünəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Bakı ilə Ankara arasında imzalanan Şuşa Bəyannaməsi və onun Rusiyanın bu günədək Azərbaycana yönələn müəyyən təzyiqlərini nə dərəcədə neytrallaşdıracağı məsələsinə münasibət bildirərkən deyib:  

"Dünyada cərəyan edən müasir beynəlxalq və regional vəziyyət Rusiyanı Putinin gəlişilə Türkiyəyə münasibətdə yeni yanaşma tərzi sərgiləməsinə vadar edib. Putinin gəlişilə daxili siyasətdə strateji qərarvermədə Türkiyə amili qabardıldı. Qara dəniz, S-400-lər, Suriyadakı əməkdaşlıq və sonda Qarabağ məsələləri bura daxildir. Bütün bunlar, əvvəlcə çəkişsələr də, sonda Rusiyanı Türkiyə ilə yaxınlaşdırdı”. 
 
 

Ekspert qeyd edib ki, bu səbəbdən Kreml Şuşadakı mənzərəyə özü üçün təhdid deyil, sadəcə o qədər də arzulamadığı, amma tolerant yanaşmağa məcbur olduğu məsələ kimi baxır: 

"Rusiyanın Türkiyə ilə qlobal, regional, daxili səviyyədə və Cənubi Qafqazdakı münasibətləri rəqabətdən daha çox əməkdaşlıq formatına çevrilib.  Bunu Qarabağ nümunəsində, müharibə dövrü və ondan sonrakı proseslərdə də gördük".  

Digər tərəfdən ekspert deyib ki, hazırda Rusiyada Azərbaycana təzyiq etməyə çalışan dairələrin qərarvermədə əsas söz sahibi olmaları aradan qalxıb: 

"Ona görə də Şuşa Bəyannaməsi  fonunda Kremlin Azərbaycana yönəlik təzyiqləri də əsasən neytrallaşır. Əvvəllər 100 faiz onların dediyi olurdu, indi isə tam yox. Lakin Ermənistanda Köçəryan seçilsə, şimal ölkəsində bu dairələrin istəkləri daha çox nəzərə alınacaq. Amma indiki halda Şuşa Bəyyanaməsi Rusiyadakı bu dairələrin fikrinin nəzərə alınmasını daha da zəiflədib. Həmin bəyannamə Azərbaycan daxilində Rusiyanın, İranın "5-ci kolonu”na, habelə Türkiyədə Ankaranın ölkəmizə dəstəyini sabotaj etməyə çalışan müxtəlif füqurlara da mesajdır".  

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?