Xəbər lenti

Şuşa Bəyannaməsində əsas yenilik nədir? - Politoloq
Siyasət 10:07 16.06.2021

Şuşa Bəyannaməsində əsas yenilik nədir? - Politoloq

"Şuşa Bəyannaməsi önəmli və tarixi sənəddir”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O bildirib ki, əsas yenilik iki ölkə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır:

"Amma 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” hüquqi baxımdan bundan daha üstündür və parlamentlərin ratifikasiyasından keçmiş dövlətlərarası müqavilədir. Bu gün imzalanmış Bəyannamənin qarşılıqlı hərbi yardım barədə müddəası həmin müqavilənin 1-ci, 2-ci və 3-cü maddələrinin təkrarıdır. Əsas yenilik iki ölkə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır. Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək. Digər yeni və önəmli məqam malların sərbəst hərəkətinin təmin edilməsi üçün mexanizmlərin işlənib hazırlanacağıdır. Belə başa düşdüm ki, söhbət gömrük rüsumları olmadan (ya da müəyyən kateqoriya mallar və yük daşımaları üzrə rüsumlar qaldırılaraq) idxal-ixrac fəaliyyətlərinin həyata keçirilməsindən gedir. Yəni iki ölkənin vahid iqtisadi məkana çevrilməsi istiqamətində siyasət aparılır”. 
 
 

Şahin Cəfərli qeyd edib ki, hərbi bazaların yaradılması barədə müddəa yoxdur, amma razılaşmalarda mütləq "hərbi baza” ifadəsinin qeyd olunması vacib deyil:

"Hamı bilir ki, Azərbaycanda müəyyən sayda Türkiyə hərbçiləri var (atəşkəsə nəzarət üzrə mərkəzi nəzərdə tutmuram), ehtiyac olarsa, bunların sayının müəyyən dövr üçün artırılması iki ölkə qərarvericilərinin müstəsna səlahiyyətidir. Yəni məcbur deyil ki, hansısa hərbi hissə olsun və onun qapısına "Türkiyə hərbi bazası” yazılsın. Şuşada Türkiyə Konsulluğunun açılması da tarixi əhəmiyyətlidir və bunu da bir növ təhlükəsizlik qarantiyası hesab etmək olar. Ümumilikdə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->