Hüseynbala Səlimov
Siyasət 11:24 25.05.2020

Şuşa – Paşinyanın “Yerusəlim sindromu”

Hüseynbala Səlimov 

Bir tərəfdən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilərin keçirilməsi, digər tərəfdən oyuncaq "inauqrasiya” mərasimi üçün Şuşanı seçmək – düşünürük, bu iki amil Ermənistanın, xüsusən də onun rəhbəri N.Paşinyanın destruktiv siyasətini nümayiş etdirmək üçün yetərlidir.
Yox, elə bizlər də razıyıq ki, baş nazir olandan sonra N.Paşinyan o qədər oyun çıxarıb ki, onun siyasətini dünyaya təkrar nümayiş etdirməyə elə bir ehtiyac yoxdur. 

Demək olar ki, hamı keçmiş erməni faşist legionunun döyüşçüsünün nəvəsinin apardığı siyasətdən kifayət qədər halıdır. Nikol demək olar ki,  hər ay Dağlıq Qarabağa yollanır və burada separatistlərin, oğru dilində  desək, "siyasi sxodka”larında iştirak edirdi.

Bu bir tərəfdən onunla bağlı idi ki, Nikol Dağlıq Qarabağ separatistlərinin qəzəbindən çox qorxur. Odur ki, biz onun anti-Azərbaycan isterik tutmalarına çox da ciddi reaksiya vermirdik, çünki məşhur pritça var və bu pritçada deyilir ki, itdən soruşurlar: "Niyə hürürsən?” Cavab verir ki: "Qorxuduram!”. Təkrar soruşurlar ki: "Bəs quyruğunu niyə bulayırsan?” Qayıdır ki: "Özüm də qorxuram axı...”

Hətta bu ağır pandemiya günlərində Paşinyan israr etdi ki, Dağlıq Qarabağda "seçki” keçirilsin. Belə təəssürat yaranırdı ki, bu adamı oranın əhalisinin sağlamlığı və təhlükəsizliyi qətiyyən maraqlandırmır və aydın idi ki, Dağlıq Qarabağın "rəhbəri” Nikolun adamı olsaydı, onda erməni baş naziri pandemiyanı əsas gətirərək "seçki”ni yubadardı...

Bir daha ən müxtəlif politoloqların və təhlilçilərin dediklərinə söykənərək qeyd edək ki, Dağlıq Qarabağda "seçki”lər Paşinyana su və hava kimi lazım idi. 
Deyə bilmərik ki, onun gözləntiləri nə qədər doğruldu? Məlum olanı budur ki, bu yeni adam, yəni qondarma DQR-in yeni qondarma lideri, yenə də oğruların diliylə desək, Dağlıq Qarabağ "bratva”sının tipik üzvü deyil,- yox, bu adam, nə qədər qəribə olsa da, hərbçi olmayıb, biznes adamıdır və ən əsası da N.Paşinyanın opponenti olmayıb, onu və onun "məxməri inqilab”ını heç vaxt tənqid-təftiş və təhqir etməyib.

İndilik məlum olanı budur, sonrasını gələcək göstərəcək. Dünya birliyinin, ayrı-ayrı ölkələrin bu qondarma seçkilərə münasibəti bəllidir: onları heç kim tanımır və dəstəkləmir. 

Amma bu da Paşinyanı saxlamadı və bu adam ikinci təxribata əl atdı. Məlumdur ki, separatçılar özlərinə paytaxt olaraq Xankəndini seçiblər və hövbəti "sxodka”nı – inauqrasiya adlı gülməli tədbirlərini də orada keçirə bilərdilər, amma onlar Şuşanı seçdilər və düşünürük ki, bu, şəxsən N.Paşinyanın özünün ikinci təxribatı idi.

Bunu özünəməxsus "Yerusəlim sindromu” da adlandırmaq olar. Xatırladaq ki, İsrail də özünün payataxtı olaraq Qüdsü – Yerusəlimi elan edib. ABŞ prezidenti D.Tramp bir-iki il bundan əvvəl ölkəsinin də bu qərara dəstək vrediyini bəyan etdi, hərçənd BMT-nin Yerusəlimlə bağlı tamam fərqli qərarları var. Məsələnin BMT-də təkrar müzakirəsi zamanı əksər ölkələr ABŞ-ın qərarına qarşı oldu, amma bu, Trampı öz qərarını dəyişməyə və ya geri götürməyə sövq edə bilmədi.
Güman ki, ermənilər də bu ssenarini təkrar etmək istəyir: Şuşanı Artsaxın "paytaxt”ı elan etmək və gələcəkdə onu, riyaziyyatçılar demiş, mötərizə xaricinə çıxarmağı düşünürlər ki, guya Şuşanın kimə aid olması müzakirə predmeti ola bilməz, ən başlıcası da ki, azərbaycanlı məcburi köçkünlər buralara qayıda bilməzlər!

Bəli, ermənilərin düşündüyü daha bir ssenari budur. Xatırladaq ki, D.Trampın məlum qərarından sonra hamının sualı bu olmuşdu ki, görən, Şuşa ilə bağlı eyni hərəkət baş verə bilərmi?..

Aydın məsələdir ki, ermənilərin bu sevdası tezliklə çin olmayacaq, ən azı Trampın vaxtında. 

Amma demək ki, o, heç bir vaxt ola bilməz - əlbəttə, bu, düzgün olmazdı, çünki Qüdslə bağlı da bütün ərəblər bir vaxt belə düşünürdü. 
Unutmayaq ki, ABŞ demokratlarının arasında ermənilərin təsiri çox güclənir və elə Konqressin qondarma soyqırımla bağlı son qərarı da bunun nəticəsində mümkün oldu. Ona görə də düşünməyək ki, Şuşa ilə bağlı ermənilər heç vaxt oxşar qərar qəbul edə bilməzlər – yox, bu yalnız o halda ola bilər ki, biz heç kimi gözləməyərək özümüz Şuşaya qayıdaq!