Xəbər lenti

Talibanın gizli nəzarət mərkəzi: Milyonları belə izləyirlər!
Dünya 14:26 27.02.2025

Talibanın gizli nəzarət mərkəzi: Milyonları belə izləyirlər!

Taliban 90 min təhlükəsizlik kamerasından ibarət yeni nəzarət şəbəkəsi ilə Kabil və ətrafında yaşayan milyonlarla insanı izləyir. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, təşkilatın beynəlxalq bir media qurumuna sistemin işini göstərməsi ilk dəfə baş verib.

"Buradan Kabilin tamamını izləyirik...", deyə Taliban polis şefi sözçüsü Xalid Zədran nəzarət ekranlarından birini göstərərək bildirib.

Kabildə yüzlərlə kamera nəzarəti

Məlumata görə, nəzarət mərkəzində onlarla polis əməkdaşı, minlərlə kameradan gələn canlı görüntüləri izləyərək şəhər sakinlərini müşahidə edir. Sistem avtomobil nömrələrindən üz ifadələrinə qədər hər şeyi qeydə alır.

Üz tanıma texnologiyası sayəsində izlənən şəxslər yaş qrupuna, cinsiyyətinə və hətta saqqalının olub-olmamasına görə təsnif edilir. Həmçinin, Taliban öz əməkdaşlarını belə bu sistem vasitəsilə izləyir.

Talibanın Daxili İşlər Nazirliyi bu kameraların təhlükəsizliyi artırdığını, cinayət hallarını azaltdığını və cinayətkarların daha sürətlə yaxalanmasına kömək etdiyini iddia edir. Nazirliyə görə, 2023-2024-cü illərdə təhlükəsizlik kameralarının və motosiklet yoxlamalarının tətbiqi nəticəsində cinayət səviyyəsi 30% azalıb. Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Çin mənşəli nəzarət sistemi

BBC-nin nəzarət otağında müşahidə etdiyi kameralar və monitorlar Çin hökuməti ilə əlaqəli "Dahua" şirkətinə məxsusdur. Daha əvvəl Talibanın Çinin "Huawei" şirkəti ilə kamera tədarükü üçün danışıqlar apardığı iddia olunmuşdu. Lakin "Huawei" bu iddiaları rədd etmişdi. Taliban yetkililəri isə avadanlığın mənbəyi barədə suallara cavab verməkdən imtina edib.
 


İnsan haqları pozuntuları və qadınlara nəzarət

Beynəlxalq insan haqları təşkilatları, Talibanın bu sistemi milləti tam nəzarət altında saxlamaq üçün istifadə edə biləcəyindən narahatdır. "Amnesty International" (Beynəlxalq Əfv Təşkilatı) bildirir ki, bu kameralar "milli təhlükəsizlik” bəhanəsi ilə əsas insan haqlarının pozulmasına zəmin yaradır və xüsusilə qadınların azadlıqlarını daha da məhdudlaşdırır.

Əfqanıstanda hazırda qadınların evdən kənarda səslərinin eşidilməsi qadağandır. Orta məktəb və universitetlərə getmələrinə icazə verilmir. Bir çox sahələrdə işləmək qadınlar üçün qadağan olunub. Dekabr ayında mama və tibb bacısı təhsili alan qadınlara dərslərə geri dönməmələri tapşırılıb.

Kabil sakini, gənc məzun Fəriba BBC-yə bildirib ki, kameraların qadınların hicabını yoxlamaq üçün istifadə ediləcəyindən çox narahatdır.

Taliban iddia edir ki, bu sistem yalnız şəhər polisi tərəfindən istifadə edilir və Əxlaq Polisi kimi tanınan Erdemin Təşviqi və Kötülüyün Qarşısının Alınması Nazirliyi bu şəbəkədən istifadə etmir. Lakin bir çox afqan qadın, kameraların Taliban rejiminə qarşı çıxanları daha da çətin vəziyyətə salacağından qorxur.

Bundan əlavə, Əfqanıstanda toplanan müşahidə görüntülərinin necə saxlandığını və istifadə edildiyini tənzimləyən heç bir qanun yoxdur.

Kameralar üçün vətəndaşlardan pul yığılır

Yeni nəzarət şəbəkəsinin maliyyələşdirilməsinin bir hissəsi yerli əhalinin üzərinə qoyulub. Kabilin mərkəzində yaşayan Şella evinin yaxınlığındakı küçələrə yerləşdirilən kameraların pulunu ödəməyə məcbur edildiyini bildirir.

"Hər ailədən minlərlə Afgani (Əfqanıstan valyutası) tələb etdilər", deyə Şella şikayətlənib.

Əfqan qadınlar ayda orta hesabla 5 min Afgani (təxminən 68 dollar) qazanır. Şella bildirib ki, ödənişdən imtina edən ailələrə su və elektriklərinin üç gün ərzində kəsiləcəyi ilə hədələyiblər. "Xərcləri ödəmək üçün borc almağa məcbur olduq. İnsanlar aclıq çəkir, bu kameralar bizə nə qazandıracaq?", deyə o əlavə edib.

Taliban isə ödənişlərin könüllü olduğunu və toplanan vəsaitin minlərlə deyil, yüzlərlə Afgani olduğunu iddia edir.

Taliban dövründə nəzarət necə dəyişdi?

Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl Kabil şəhərində cəmi 850 təhlükəsizlik kamerası var idi. İndi isə 90 min kamera ilə şəhər tamamilə nəzarət altında saxlanılır.

Taliban sözçüsü Xalid Zədran BBC-yə açıqlamasında bildirib ki, şübhəli şəxsləri və ya cinayət fəaliyyətlərinə cəlb oluna biləcək insanları müşahidə etdikdə, dərhal yerli polisə xəbər verirlər: "Polis dərhal hadisə yerinə gedərək araşdırma aparır".

Taliban 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra cinayət səviyyəsini azaltmağa söz vermişdi. Əvvəlki hökumət dövründə şəhərdə Taliban və İŞİD hücumları, adam oğurluqları və avtomobil qaçaqçılığı adi hal almışdı.

Lakin BBC bildirir ki, Kabilin nəzarət altında saxlanılması üçün tətbiq edilən bu sərt tədbirlər Taliban rejiminin idarəetmə metodlarının daha da inkişaf etdiyini və hökumətin nəzarətini gücləndirdiyini göstərir.

Bununla belə, Talibanın sərt siyasətləri və vətəndaş hüquqlarını məhdudlaşdıran qərarları, xüsusilə qadınlara qarşı tətbiq olunan qadağalar beynəlxalq səviyyədə ciddi narazılıq doğurur. Taliban rejimi hələ də heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayıb.

"Əfqanlar özlərini gücsüz hiss edir"

Ölkədə vəziyyət kritik olaraq qalır. BMT-yə görə, 30 milyon insan humanitar yardıma möhtacdır.

Tərəvəz satıcısı Cabir kameraların əslində xalqın necə çarəsiz hala gətirildiyini göstərdiyini bildirir:

"Bizə zibil kimi yanaşırlar. Dolanışığımızı təmin etməyə icazə vermirlər və bizə dəyərsizmişik kimi baxırlar. Əlimizdən heç nə gəlmir", deyə o bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->