"Vampir qatili Buffi" serialında Xander Harris rolunu canlandıran məşhur aktyor Nikolas Brendon 54 yaşında dünyasını dəyişib.
Aktyorun ailəsi Brendonun yuxuda təbii səbəblərdən vəfat etdiyini açıqlayıb. Brendon əvvəllər ürək tutmaları keçirdiyini, doğuşdan ürək qüsuru olduğunu və "kauda equina" sindromu səbəbindən ciddi sağlamlıq problemləri yaşadığını paylaşmışdı.
Bəs nədir "kauda equina" sindromu?
Qaynarinfo xəbər verir ki, "kauda equina" sindromu onurğa altındakı sinir dəstəsinin sıxışması ilə yaranan nadir, lakin çox ciddi nevroloji vəziyyət kimi tanımlanır. Bu sinirlər ayaqların hərəkətini, hissiyyatı, sidik kisəsi və bağırsaq funksiyalarını idarə etdiyindən, xəstəlik irəlilədikcə qalıcı zədələr yarana bilər. Ekspertlər bildirir ki, müalicə gecikərsə, xəstədə idrar və bağırsaq funksiyasının itirilməsi, cinsi funksiyanın pozulması və ayaqlarda iflic kimi ciddi problemlər müşahidə edilə bilər.
Sindromun ən təhlükəli tərəfi bəzən sadəcə şiddətli bel ağrısı və ya sıradan disk yırtığı kimi başlamasıdır. Ən çox rast gəlinən səbəblərdən biri alt bel bölgəsindəki böyük disk yırtığıdır. Bundan başqa, travma, onurğa daralması, şiş, infeksiya, doğuşdan gələn problemlər və bəzi əməliyyat komplikasiyaları da sindromu tətikləyə bilər.
Bu xəstəliyin simptomları arasında şiddətli bel ağrısı, hər iki ayağa yayılan ağrı, gücsüzlük, uyuşma, qasıq və anal bölgədə hiss itkisi, həmçinin idrar və ya bağırsaq kontrolunda ani dəyişiklik yer alır. Xüsusilə xəstə idrarını saxlaya bilmirsə və ya sidik kisəsinin dolduğunu hiss etmirsə, bu, sıradan bel ağrısı kimi qiymətləndirilməməlidir.
Brendonun meneceri açıqlamışdı ki, aktyor 2021-ci ildə yıxılandan sonra onurğasına acil müdaxilə olunub. Daha sonra ikinci bir əməliyyat və bəzi komplikasiyalar yaşanıb. Brendon həm "kauda equina" sindromu, həm də digər sağlamlıq problemləri ilə mübarizə apardığını açıqlamışdı.
Xəstəliyin nadir olmasına baxmayaraq, nəticələri ilə bağlı həkimlər tərəfindən ciddi xəbərdarlıq edir. Türkiyə tibbi ədəbiyyatına görə, "kauda equina" sindromu nadir, lakin acil cərrahi müdaxilə tələb edən bir vəziyyət kimi tanınır. Ən çox böyük bel yırtığı ilə əlaqəli olduğu və erkən müdaxilənin əzələ gücü və sidik kisəsi-bağırsaq funksiyaları üçün kritik olduğu vurğulanır.
Mütəxəssislər bildirir ki, bel ağrısı çox yayılmış olsa da, bəzi əlamətlər ortaya çıxanda vəziyyət artıq sıradan ortopedik problem deyil, təcili müdaxilə olunmalı hala çevrilir. Ani idrar problemləri, anal və qasıq bölgəsində uyuşma, hər iki ayaqda güc itkisi və ya hiss itkisi müşahidə olunarsa, dərhal tibbi yardıma müraciət edilməlidir.
Nikolas Brendonun vəfatı milyonlarla insanın yaşadığı bel ağrısı şikayətlərinin bəzi hallarda nə qədər ciddi nəticələrə yol aça biləcəyini yenidən xatırladır. Hər bel ağrısı acil vəziyyət deməsə də, bəzi əlamətlərdə zaman itirmək belə ciddi fəsadlara səbəb ola bilər.
Günay
Şərhlər