Xəbər lenti

Tanrı bizi onda imtahana çəkdi ki...
Hüseynbala Səlimov
Ölkə 12:08 25.09.2018

Tanrı bizi onda imtahana çəkdi ki...

Hüseynbala Səlimov

Deməyin ki, bu da artıq bəzi "politoloq”lar kimi elə hökumətdən bir qərar gözləyir ki, dərhal ona alqışlar yazsın. Yox, hökumətin bu yazı ilə səsləşən təşəbbüsündən heç əməlli–başlı xəbərim yoxdur, nə "summativ qiymətləndirmə” nə olduğunu bilirəm, nə də bir neçə ildi dilimizə yeni daxil olmuş "krikum” (bilmirəm, düzmü yazdım?) sözündən başım çıxır.

Sadəcə, çoxdan məni narahat edən bir məsələni "gündəmə gətirmək” və bir-iki adamı bu mövzu ilə düşündürmək istəyirəm.

Mövzu imtahanlardır. İndiki dövr bir yana, sovetin vaxtında da orta məktəb imtahanlarından cəmi bircə ay sonra təzədən ali məkətəbə imtahanları verməli olurduq. Adam elə onda düşünürdü ki, məgər bu, o anlama gəlmirmi ki, orta məktəbdəki qiymətlər ali məktəb üçün yetərli sayılmır? 

Əlbəttə, o vaxt heç kim aşkarda bu sualı vermirdi, elə ali məktəblərə qəbullar da göstərirdi ki, belədir ki var: orta məktəb qiymətləri yetərli deyil, çünki ali məktəbə qəbul olanların sayı orta məktəbi "uğurla” bitirənlərin sayından qat-qat az olurdur, üstəlik, qəbul olunanlar arasında orta məktəbdə aldıqları qiymətləri ali məktəblərə qəbul zamanı da təsdiq edənlər də çox az olurdu. 

Düzdür, bunun bizim sovet Azərbaycanında başqa "özəl səbəb”ləri də var idi və sovet dövrünü yaşayan hər kəs bunu bilir. Amma o da var ki, sovetlər tək Azərbaycandan ibarət deyildi və ən azı digər respublikalarda qəbullar ədalətli və obyektiv keçirilirdi. 

Amma hətta həmin respublikalarda orta məktəbdə alınan "əla” qiymətləri çox az hallarda ali məktəbə qəbul zamanı da təsdiqlənirdi. Bilmirəm, o vaxtın başbilənləri bu haqda düşünürdü, ya yox? Amma biz daim fikirləşirdik ki, məsələn, elə etmək olmazmı ki, orta məktəbdə alınan "əla” qiyməti elə tutaq ki, Moskva Universitetinə qəbul zamanı alınan "əla” qiymətinə bərabər olsun? Olsun ki, Moskva Universiteti, Fizika-Texnika İnstitutu və yaxud Mühəndis-Fizika İnstitutu bir azca spesifik ali məktəblər idi, amma "əla” qiymətlər hətta Bakı Universitetinə qəbullar zamanı da çox az hallarda təsdiq olunurdu axı!..
Nə isə. O dövrü də belə yaşadıq. Həmin illərdə taleyini elmlə bağlamaq istəyənlər təzədən aspiranturaya imtahan verməli oludrular. 

Bunu da belə başa düşmək olardı ki, elm üçün bütün ali təhsillilər yox, buna xüsusi istedadı olanlar seçilirdi. Olsun. Amma yenə də anlamaq çox çətin idi ki, niyə, məsələn, fəlsəfədən ali məktəbdə alınmış qiymət aspiranturaya qəbul zamanı əsas götürülə bilməzdi?.. 

Üstəlik, daha bir fundamental sual da var ki, doğrudanmı, insanları bu cür təkrar- təkrar imtahandan keçirmək elmin və təhsilin səviyyəsini qaldırır? Başqa sahələri deyə bilmərəm, adətən belə fikirlər səslənir ki, guya sovet vaxtı elmin səviyyəsi çox yüksək idi. Bəs onda niyə Nobel mükafatı laureatların barmaqla saymaq olurdu? Düzdür, sovetlər elmdə elə də geri deyildilər, amma demək olmaz ki, sovet elmi dünya elminin avanqardını təşkil edirdi.
Qərəz, bir daha deyirəm ki, soveti bir təhər başa vurduq. Müstəqillik dövründə də təhsillə bağlı çox eksperimentlər oldu. Amma imtahanların sayı azalmadı, əksinə artdı. İndi insanlar, məmur və müəllimlar (mənim bildiyimə görə) işə qəbul olmaqçün də imtahan verirlər! Təsəvvür edin, gənc, məsələn, dörd və ya altı il fizika öyrənir, amma müəllim olmaqçün yenidən imtahan verməli olur!.. 

Təbii bir sual yaranır: bəs onun ali məktəbdə aldığı qiymətlər necə olsun? Doğrudanmı onlara heç inam yoxdur? Və yaxud elə etmək olmazmı ki, hamının obyektivliyinə inanması üçün bütün pillələrdə eyni instansiya imtahanları qəbul etsin? Məsələn, elə həmin instansiya orta məktəbdə imtahan qəbul edərsə, cəmi bir ay sonra ali məktəbə də qəbul  imtahanları keçirməyə ehtiyac qalarmı? Düşünürük, qalmaz.

Ən bezikdirici məsələ isə, bir daha deyirik ki, işə qəbul üçün keçirilən imtahanlardır. Səhv etmiriksə, burada da iki pillə var: imtahan və müsahibə! Bir çox hallarda imtahanlardan keçənlər müsahibədən "keçə bilmirlər” ki, bunun özü də çox şübhəli bir məqamdır, çünki gəncin və yaxud hər hansı insanın seçdiyi sahə üzrə biliyi varsa, ona fəaliyyət üçün vacib olan vərdişləri və təcrübəni aşılamaq elə də çətin məsələ deyildir. Məsələn, gənc riyaziyyatı həqiqətən də bilirsə, ona pedaqoji vərdişləri öyrətmək niyə belə ağır problem olmalıdır?..

Qərəz, düşünməyək ki, insanları təkrar – təkrar eyni mövzulardan imtahan etmək xeyir gətirən və ya səmərəli bir metoddur. İnanın, belə deyil. Biz qəbul etmək istəmirik ki, əslində təhsilin heç bir pilləsində işi düzgün qura bilməmişik. Səbəb? Düşünürük, əsas səbəb budur ki, Tanrı bizi onda imtahana çəkib ki, kiçik bir Şərq ölkəsində, üstəlik, sovetlər kimi anormal bir sistemin köynəyindən çıxmış və hələ Dünya cərgəsində yerini tapmamış bir ölkədə doğulmuşuq...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->