Foto 18:20 27.05.2018

Tarixçi alim etiraz etdi: "Simvolları bu günə qoymaq olmaz!" (FOTO)

Tarixçi alim Dilavər Əzimli "Bakı Afişa”nın Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı münasibətilə AXC qurucuları ilə bağlı hazırladığı karikaturalara münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə, alim "Facebook"da "Bakı Afişa” rəhbərliyinin bu hərəkətini kəskin şəkildə pisləyib:

"Siz heç Avropada görmüsünüzmü ki, Uinston Çörçili bu günə qoysunlar? Yaxud ABŞ-da Corc Vaşinqtona qarşı belə sayğısızlıq göstərsinlər? Uzağa getməyək, qonşu Gürcütanda və Ermənistanda belə hərəkətlər edirlərmi? Bəs biz niyə beləyik? Simvolları da karikatura ilə təsvir edərlər?

Bu milləti hara aparırsınız? Olmaz belə! Bilirəm ki, onlara haqq qazandıranlar da olacaq. Amma olmaz! Simvolları bu günə qoymaq olmaz! Biz qəhrəman millətdən oynayan və tullanıb-düşən millətə çevrilirik. Gah Şah Xətainin şəklini araq butulkasına vururuq, adına restoran açıb, yeyib-içirik, gah da bu cür hərəkətlərə yol veririk. Millətin hissi ilə oynamaq olmaz! Onun qürur duyduğu simvollara sayğı ilə yanaşmaq lazımdır!"

Qeyd edək ki, "Bakı Afişa” Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı münasibətilə AXC qurucularından bəzilərinin 2018-ci ildə necə geyinəcəklərini təsvir edib. Şirkət Cümhuriyyət qurucularının karikaturaları həkk olunmuş köynək, çanta və su qabları hazırlayıb.