Xəbər lenti

Tarixə baxış: Azərbaycan üçün şəhid olan türk əsgərləri
Ölkə 14:59 24.05.2018

Tarixə baxış: Azərbaycan üçün şəhid olan türk əsgərləri

Qədim Qobustanda Şəhid türk məzarı 

Bakı-Qazax avtomobil yolunun 48-ci km-də, yolun güneyinin görünən hissəsində (təqribən 100 m-dək aralı) bir Şəhid türk məzarı uyuyur. Yovşanlı genişliyin qoynunda, Qobustanın saysız-hesabsız parçalanmış təpələrinin sinəsində. 1918-ci ilin iyun ayında mənfur düşmən (hay-daşnak-bolşevik quldurlarının)  gülləsinə bu Vətən guşəsində tuş gələn xilaskar və müzəffər  5-ci Qafqaz İslam Ordusunun Nuru paşanın başçılığı ilə Bakı şəhərinə doğru irəliləyən dəstəsinin Şəhid döyüşçüsü burada dəfn edilmişdir.

İnzibati-ərazi bölgüsünə görə Abşeron rayonu hüdudlarında dövlət mülkiyyətində olan 16 nömrəli "Bayan ata” (morfo-genetik baxımdan adın özü də türk mənşəlidir, "Böyük”, "Bəy ata” mənasını verir)) qış otlağı daxilində yerləşən  və bu günədək qorunub-saxlanılan bu məzarın abidə-kompleks üslubunda  inşası Samid Seyidi oğlunun dəstəyi ilə 30.08.2015-ci il tarixdə tamamlanmışdır. Ətrafı daş-dəmir çərçıvəyə alınmış məzarın üstündə Türkiyə Cumhuriyyətinin və Azərbaycan Respublikasının dövlət bayraqları dalğalanır. Qara mərmərdən qoyulmuş baş daşında  –  "1918-ci ildə erməni təcavüzünə qarşı Azərbaycanın azadlığı uğrunda savaşarkən şəhid olan naməlum türk əsgərinin məzarıdır” cümləsi, eyni üslubda sinə daşına isə bir bənd şer yazılmışdır: 

Burda şəhid olmuş bir türk əsgəri, 
İtməmiş qəbiri, bitməmiş şanı. 
Onlar  canlarını fəda etdilər, 
Xilas etmək üçün  Azərbaycanı. 
 


Biləcəri kəndinin nişanələri

 Bu kənd  Bakı şəhərinin "qulağının dibində” olduğundan  1918-ci ilin  may-iyul aylarında  hay-daşnak vəhşiləri tərəfindən törədilən ən qanlı qırğınları yaşamasına səbəb olmuşdur.  O vaxtı burada 70-80 ev olmuşdur. Əhalinin sıx məskunlaşdığı hissə indiki  Yəhya Hüseynov və  Asəf Zeynallı küçələri yerləşən ərazilər idi. Əsası XVII əsrdə qoyulmuş qədim kənd qəbirstanlığı 1903-cü ildə tikilmiş yeraltı keçidin (dəmiryolu tunelinin) ətrafında olmuşdur. Bütöv Azərbaycanın xilası naminə o cümlədən Biləcəri kəndi uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olmuş türk əsgərləri (15-ə qədər) bu qəbirstanlıqda dəfn edilmişdir. 

Keçən əsrin 30-cu illərinin əvvəlində Biləcəri dəmiryolu stansiyasının yük saxlama anbarının və sənaye parkının tikintisinin aparılması məqsədilə (ən əsas məqsəd isə yerli əhalinin şəcərə yaddaşını silmək və türk-müsəlman izinin itirilməsi olmuşdur)  bu qəbirstanlığın yeri dəyişdirilmiş, bir çox qəbirlər başqa yerə köçürülmüşdür. Nəticədə həmin əski qəbirstanlıqda dəfn edilmiş şəhid türk məzarlarına yaxın düşmək mümkün olmamış, nəticədə qəbirlər indiki "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri dəmir yolu stansiyasının yük anbarı ərazisində və çoxmərtəbəli-çoxmənzilli yaşayış binaları yerləşən torpaq sahəsi altinda qalmışdır. 

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->