Xəbər lenti

Dünya 15:31 09.04.2026

"Taxt-tac oyunları"nın ulduzu vəfat etdi

Məşhur Game of Thrones ("Taxt-tac oyunları”) serialı ilə tanınan irlandiyalı aktyor Michael Patrick 35 yaşında vəfat edib. Onun ölümünə səbəb kimi Motor Neyron Xəstəliyi göstərilir.

Qaynarinfo xəbər verir ki, Maykl Patrik televiziya və teatr sahəsində qazandığı uğurlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı. 2023-cü ildə ona Motor Neyron Xəstəliyi diaqnozu qoyulsa da, aktyor uzun müddət bu ağır xəstəliklə mübarizə aparıb.

Məlumata görə, Patrik xəstəliyinə baxmayaraq aktyorluq fəaliyyətini dayandırmayıb, teatr səhnəsində və televiziya layihələrində çıxış etməyə davam edib. Xüsusilə teatr tamaşalarındakı performansı ilə seçildiyi qeyd olunur.

Aktyorun həyat yoldaşı Naomi Sheehan sosial şəbəkədə etdiyi paylaşımda onun ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişdiyini açıqlayıb. Bildirilib ki, Patrik yaxın çevrəsi tərəfindən ilhamverici və güclü iradəyə malik insan kimi xatırlanır.

Qeyd edək ki, Motor Neyron Xəstəliyi hərəkəti idarə edən sinir hüceyrələrini zədələyən, tədricən irəliləyən nevroloji xəstəlikdir. Bu xəstəlik əzələ zəifliyi, hərəkət məhdudiyyəti və nitq problemləri ilə müşayiət olunur və hazırda onun tam müalicəsi mövcud deyil.
 
Günay

--> -->