Tbilisidə “Transxəzər

Tbilisidə “Transxəzər" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, yığıncaqda Ukraynanın "TIS Konteyner Terminalı” və "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Beynəlxalq Assosiasiyaya üzv qəbul olunması barədə qərar verilib, eyni zamanda assosiasiyanın İdarə Heyətinin tərkibinə dəyişikliklər edilib.

Daha Sonra 2019-cu ilin 9 ayı ərzində təsdiq olunmuş yük daşıma həcmlərinin icrası, Qazaxıstandan bu marşrut vasitəsilə kömür daşınması tariflərinin endirilməsi məsələləri müzakirə olunub, 2020-ci il üçün tariflər ilkin olaraq nəzərdən keçirilib.

Tədbirdə həmçinin "Kazmortransflot" şirkətinin son yarım ildə Aktau-Bakı fider xətti üzrə konteyner daşınmaları sahəsindəki fəaliyyəti barədə hesabat dinlənilib, şirkətin müqavilə müddətinin uzadılması barədə razılıq əldə olunub.

Eyni zamanda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin fider gəmilərinin həmin marşrut üzrə istifadə olunması müzakirə olunub.

Toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyə və Rumıniyadan olan dəmir yolu idarələrinin nümayəndələri, liman və loqistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib.

İclasın sonunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla yekun sənəd imzalanıb.

Ölkəmizi bu tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov başda olmaqla geniş nümayəndə heyəti təmsil edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.
XƏBƏRLƏR
BLOGLAR