Bir neçə gündür ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov ətrafında qalmaqallar səngimək bilmir. Oktyabrın 22-də, saat 11:00-da, "Park İnn” otelində ittifaqın mediaya qapalı qurultayı keçirilməlidir. Qeyd edək ki, rəsmi qaydaya əsasən hər 5 ildən bir qurultay keçirilməli və qurultayda seçki yolu ilə quruma sədr seçilməlidir. Lakin quruma Xalq artisti Azərpaşa Nemətov təyin olunandan bu günə qədər bu tədbir yalnız konfrans şəklində təşkil olunur və heç bir seçki keçirilmədən, yenidən postuna təyin olunur.
2014-cü ildə də hər kəs bu qurultayın nə zaman və harada keçiriləcəyini gözləyirdi. Lakin sonradan məlum oldu ki, mediaya qapalı olan qurultayın iştirakçıları hər zaman olduğu kimi tədbirə konfrans adı ilə dəvət edilib. Həmin zaman bir sıra mətbuat orqanlarında yayılan məlumata görə, qurultayın media üçün qapalı keçirilməsinə səbəb hazırkı sədr Azərpaşa Nemətovun yenidən bu postda rəsmiləşdirilməsi ilə bağlıdır. Mədəniyyət Nazirliyindən isə bildirilmişdi ki, qurultayın harada və necə keçirilməsi yalnız ittifaqa aid olan məsələdir, nazirliyin buna heç bir aidiyyəti yoxdur.
Əldə etdiyimiz məlumata görə A.Nemətov yenidən oktyabrın 22-də sədr seçilmək üçün müəyyən önləyici tədbirlər həyata keçirir. Belə ki, 17 oktyabrda Akademik Milli Dram Teatrda böyük iclas keçirilib. İclasa teatrın demək olar ki, bütün əməkdaşları qatılıb. Nəzərdə tutulan konfransda çıxış etmək üçün 9 nəfər aktyor və aktrisa da cəlb edilib. Halbuki digər teatrlardan yalnız 2 və ən çoxu 3 nəfər tədbirə dəvət olunub. Siyahıda Xalq artistləri Nurəddin Mehdixanlı, Sənubər İskəndərli, Məleykə Əsədova, Hacı İsmayılov, Ramiz Məlik, Rafiq Əzimov, Əməkdar artist Anar Heybətov və digərlərinin adları çəkilir. Digər informasiyaya görə isə teatr direktoru buna görə Nürəddin Mehdixanlıya və Məleykə Əsədovaya "Şöhrət” ordeni vəd edib.
Mövzu ilə bağlı hər iki Xalq artistinin mövqeyini öyrənməyə çalışdıq. N.Mehdixanlı zənglərimizi cavabsız qoydu, həmkarı M.Əsədova isə məşq prosesində olduğundan suallarımızı cavablandıra bilmədiyini dedi.
Qurum sədri, Xalq artisti Azərpaşa Nemətov da ənənəsinə sadiq qalaraq çoxsaylı zənglərimizə cavab vermədi.
Bəs əslində TXİ-na sədr necə seçilməlidir? Gənc teatrşünas Xəyalə Rəis mövzu ilə bağlı bunları dedi:
"Əslində 5 ildən bir quruma sədr seçilərkən qurultay çağırılmalı və seçki yolu ilə sədr təyin olunmalıdır. Lakin ola bilər ki, qurumun üzvləri öz liderlərini əvvəlcədən seçdiklərinə görə seçki keçirilməsinə ehtiyac görmürlər.
Qeyd edim ki, 9 ildir ki, teatr sahəsində çalışıram, hansı ki, həmin vaxtdan qurumun sədri Azərpaşa Nemətov idi. Bu günə qədər A.Nemətovun hansısa qurultay çağırıb, seçki keçirdiyinin şahidi olmamışam".
Qeyd edək ki, bu mövzu ilə bağlı bir neçə tanınmış teatr xadimlərinə müraciət etsək də, onlar bu haqda danışmaq istəmədiyini bildirdi. Adının çəkilməsini istəməyən teatr rəhbərlərindən birinin dediyi isə məsələni bir daha aydınlatmış oldu: "Bu neçə ildə ilk dəfədir ki, qurultay sözünü eşidirəm. Yəni hamı bu ”qurultay"ın necə keçirilməsindən, nələr baş verməsindən xəbərdardır".
2010-cu ildən qurumun üzvü olan Xalq artisti Ramiz Məlik mövzu ilə bağlı "Yeni Müsavat”a bunları dedi: "Əvvəllər qurultay keçirilərdi. İndi deyəsən nizamnamə dəyişdirilib və qurultay sözü konfrans ilə əvəz edilib. Başım çıxmır”.
"Konfransda seçki məsələsi də olacaqmı?” sualımıza Xalq artisti bu cür cavab verdi: "Bilirəm bu sualınızın arxasında nə dayanır. Amma bu haqda heç nə deməyəcəm. Qoy bu konfrans keçirilsin, hesabat verilsin, yenidən sədr təyin olunsun, ondan sonra sözümüzü deyəcəyik”.
Tədbirə dəvət alan Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev də mövzu ilə bağlı danışıb: "Teatrımız uzun illərdir ki, Teatrlar Xadimləri İttifaqının üzvüdür. Oktyabrın 22-də keçiriləcək tədbirə teatrımızdan 3 nəfər, o cümlədən mən də dəvət almışam və iştirak edəcəyik”.
Elman Rəfiyev də digər suallarımızı cavabsız qoyaraq, qurum və onun ətrafında baş verənlərlə bağlı danışmaq istəmədiyini dedi.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı bu il Azərbaycan Teatrları Xadimləri İttifaqının qurum sədrliyinə öz namizədliyini irəli sürüb. Lakin Azərpaşa Nemətovun yenidən qurultayı seçkisiz, konfrans şəkildə keçirmək planı Xalq artistini özündən çıxarıb. O, bu günlərdə prezidentə müraciət ünvanlayaraq, A.Nemətovu bir neçə məsələdə ittiham edib və quruma rəhbər seçkilərinin şəffaf keçirilməsinin təmin edilməsini xahiş edib.
Bəs Xalq artisti Afaq Bəşirqızının oktyabrın 22-də keçiriləcək tədbirdən hansı gözləntiləri var?
Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. Afaq Bəşirqızı tədbir öncəsi heç nə danışmaq istəmədiyini dedi: "Bundan əvvəl də qeyd etdiyim kimi, müraciətimlə bağlı mənə veriləcək cavabı gözləyirəm. Ona qədər susacam. Yalnız tədbirin nəticəsi açıqlandıqdan sonra öz sözümü deyəcəm”.
Mənbə: Müsavat.com
Şərhlər