
Nikaraquada yerləşən Masaya vulkanının daxilində iki maqma rezervuarının maqma ilə dolması prosesi baş verə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “WION” nəşri yazıb.
İspan konkistadorları bu vulkanı “Cəhənnəm ağzı” və ya “Cəhənnəmin ağzı” adlandırıblar. Hətta XVI əsrdə şər qüvvələri qovmaq məqsədilə kraterin kənarında xaç da qoyublar.
Kraterdə yerləşən lava gölü minlərlə turisti cəlb etsə də, bu, vulkanın yalnız kiçik və görünən hissəsidir. Əsas proseslər yerin dərinliklərində baş verir. Masaya ətrafında təxminən iki milyon insan yaşayır. Ölkənin paytaxtı Manaqua isə vulkandan təxminən 20 kilometr məsafədə yerləşir.
Geofizik Lizzi Consonun sözlərinə görə, burada sonuncu böyük lava püskürməsi 1772-ci ildə baş verib. Bununla belə, vulkan qazlar buraxmaqda davam edir və kükürd dioksidinin konsentrasiyası bəzən təhlükəli həddə çatır.
Tədqiqatçılar nə müəyyən ediblər?
Yeraltında baş verən prosesləri araşdırmaq üçün alimlər altı il ərzində, təxminən hər 12 gündən bir çəkilmiş radar təsvirlərini təhlil ediblər. Onlar vulkan daxilində maqmanın hərəkətinə işarə edə biləcək səth dəyişikliklərini izləyiblər.
Məlum olub ki, 2018-ci ildən 2022-ci ilin ortalarınadək Masayanın mərkəzi maqma rezervuarının üzərindəki səth təxminən 3 santimetr aşağı enib. Bu, səthin çökməsinə və maqma kamerasındakı ərimiş süxurun həcminin azalmasına işarə edib.
Lakin 2022–2024-cü illərdə səth yenidən qalxmağa başlayıb. Tədqiqatçıların fikrincə, bu, yeni maqmanın daxil olması və rezervuarın dolması ilə əlaqəli ola bilər.
Eyni zamanda, 2018–2024-cü illərdə Santyaqo krateri ərazisində torpaq səthinin aşağı enməsi müşahidə edilib. Alimlər bunun vulkanın səthindən təxminən 200 metr dərinlikdə yerləşən ikinci maqma rezervuarının fəaliyyəti ilə bağlı olduğunu ehtimal edirlər.
“Yer səthi aşağı enəndə bu, çox güman ki, maqmanın vulkanı tərk etdiyini göstərir. Lakin torpaq yenidən qalxmağa başlayırsa, bu, yeni maqmanın daxil olmasına işarə edə bilər”, deyə Conson bildirib.
Yer səthindəki dəyişikliklərin izlənməsi alimlərə vulkanların daxilində baş verən prosesləri qiymətləndirməyə və mümkün püskürmənin yaxınlaşmasına dair əlamətləri müəyyən etməyə kömək edir.
Tədqiqatçılar Masaya vulkanında müşahidələrin davam etdirilməsinin və kompüter modelləşdirməsinin vacibliyini vurğulayırlar. Bu, vulkanın daxilindəki prosesləri daha yaxşı anlamağa və xüsusilə lava gölləri olan digər bazalt vulkanları üçün risklərin qiymətləndirilməsi üsullarını təkmilləşdirməyə imkan verəcək.
Aydın
