2023-cü il oktyabrın 7-də İsrail ərazisini işğalı zamanı HƏMAS tərəfindən yaralanan və ya öldürülən amerikalıların ailələri ABŞ-da İrana qarşı iddia qaldırıb. Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin (IDF) aşkar etdiyi məxfi sənədlərə istinad edən iddiaçılar Tehranı hücuma taktiki və maliyyə dəstəyi verməkdə ittiham ediblər. Onlar İranın Qara Şənbənin təşkilatçılarından biri kimi tanınmasını və buna görə təzminat ödəməsini istəyirlər.
Qaynarinfo xəbər verir ki, İsrailə hücumlar zamanı, xüsusilə bir il əvvəl Nova festivalı qətliamı zamanı həlak olan və ya yaralanan ABŞ vətəndaşlarının yaxınları Vaşinqton federal məhkəməsində iddia qaldırıb. Onlar "Qara şənbə”nin təşkilatçısı və sponsoru kimi İrandan pul təzminatı tələb ediblər.
Oktyabrın 7-də HƏMAS-ın işğalını dəf etmək istəyərkən həlak olan İDF döyüşçülərinin ailələrinin də daxil olduğu iddiaçılar ABŞ-ın xarici suverenlərdən əldə etmə imkanlarını nəzərdə tutan Xarici İmmunitetlər Aktına, eləcə də milli antiterror qanunlarına əsaslanır.
İddia müəllifləri Qəzzada İDF döyüşçüləri tərəfindən tapılan HƏMAS-ın daxili sənədlərinə müraciət edirlər. Onlardan biri qrupun döyüş qanadı komandirlərinin qapalı iclasının məxfi protokoludur. İştirakçılar HƏMAS ilə İrana yaxın dövlətlərin və silahlı hərəkatların qeyri-rəsmi klubu olan "müqavimət oxunun” digər üzvləri arasında kollektiv müdafiə sazişini müzakirə ediblər.
İddiaçıların istinad etdiyi başqa bir sənəddə HƏMAS rəhbərliyinin İslam Respublikasından İsraillə "qarşıdurmalara” səfərbərlik və hazırlıq üçün hər ay ən azı 7 milyon dollar alacağını gözlədiyi bildirilir.
Tehran və Fələstin qrupları arasında sponsorluq əlaqələri mövzusu uzun müddətdir ki, rəqiblərinin ritorikasında adi hala çevrilib. Bu məsələ ABŞ Dövlət Departamentinin terrorla bağlı hesabatlarında müntəzəm olaraq gündəmə gətirilir. Bununla belə, hazırkı iddiadakı sübutlar 2014-2020-ci illər arasında İranın HƏMAS rəhbərliyinə pul köçürmələrini təfərrüatlandıran sənədləri ehtiva edir.
İddiaçıların fikrincə, 7 oktyabr qırğını zamanı yaraqlıların bütün hərəkətləri İslam Respublikasının və onun təhlükəsizlik qüvvələrinin "taktiki və maliyyə dəstəyi ilə həyata keçirilib”. Bu barədə vəkil Con Eubanks bildirib.
Öz növbəsində, "Qara şənbə" günü öldürülən əsgərlərdən birinin anası Naomi Vayzer hesab edir ki, HƏMAS işğalı Yaxın Şərqi yandırmaq istəyən İranın şüurlu seçimidir: "Bu iddia faktlara işıq salmağın vacib yollarından biridir".
Bəyanatın dəlil bazası "The New York Times" (NYT) tərəfindən keçən ay faciənin birinci ildönümündə dərc edilmiş sənədlərdən ibarətdir. Nəşr təkcə İDF tərəfindən ələ keçirilən HƏMAS görüşlərinin məxfi protokollarını dərc etməklə kifayətlənməyib, həm də Fələstin qrupunun 2023-cü ilin iyulunda İsrailə zərbə endirmək üçün İran rəsmiləri ilə üzbəüz söhbət təşkil etmək cəhdləri barədə məlumat verib.
İranın BMT-dəki Daimi Nümayəndəliyi daha sonra NYT nəşrini təkzib edib. Missiya rəsmiləri "Newsweek"ə bildiriblər ki, HƏMAS hücumunu İslam Respublikası ilə əlaqələndirməyə cəhd edən hər hansı iddia etibarlı deyil və uydurma sənədlərə əsaslanır. İranlı diplomatlar xüsusilə qeyd ediblər ki, hətta HƏMAS-ın bir çox üzvünün də əməliyyatdan əvvəlcədən xəbəri olmayıb və bütün planlaşdırma prosesi yalnız qrupun hərbi qanadının yüksək rütbəsi olan İzaddin əl-Qəssam Briqadaları tərəfindən həyata keçirilib.
İranın 7 oktyabr qırğınının təşkilində birbaşa iştirak edə bilməyəcəyi versiyası da ABŞ kəşfiyyatı tərəfindən ötən ilin oktyabrında irəli sürülüb. "İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyat planlaşdırdığını bilirdi, lakin baş verəcək hadisələrin dəqiq vaxtı və miqyasından xəbərsiz idi", deyə CNN mənbəsi kəşfiyyat hesabatlarına istinadən bildirib.
Onun sözlərinə görə, Tehran və Fələstin qrupları arasında uzun illər davam edən əlaqələr oktyabrın 7-də hücumu kimin sifariş etdiyini öyrənmək üçün tutarlı dəlil ola bilməz.
Amerika Demokratiyaları Müdafiə Fondunun (FDD) ekspertləri bildiriblər ki, federal məhkəmədə açılan iddia Tehranın açıq-aşkar günahkar olmadığına dair iddialara son qoymalıdır.
Aydın
Şərhlər