Xəbər lenti

Siyasət 15:40 05.08.2025

"Tehran saxlanılan vətəndaşlarımızı siyasi təzyiq alətinə çevirib" - Ekspert

"İranın bu davranışı siyasi, hüquqi və institusional amillərlə bağlıdır. İran tərəfinin bu addımlarında siyasi və geosiyasi motivlər də rol oynayır".

Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev İranın bu ölkədə saxlanılan, həbs edilən Azərbaycan vətəndaşları ilə bağlı ən adi hüquqi prosedurları pozmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə müəyyən gərginlik hökm sürürdü və bu, hələ də davam edir:

"Doğrudur, son aylarda Azərbaycan və İran prezidentləri arasında yeni, daha yaxşı münasibətlər yaranıb. Amma SEPAH-a yaxın İranın bəzi millətçi dairələri tez-tez Azərbaycan əleyhinə açıqlamalar verməkdə davam edirlər. İkitərəfli münasibətlərdə gərginliyin əsas səbəbi strateji yanaşmalar, Zəngəzur dəhlizi, Qarabağ sonrası regional nizam və Azərbaycanın İsraillə əməkdaşlığıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi də Tehranı qıcıqlandırır. Bu amillər İranı Azərbaycan vətəndaşlarına qarşı sərt mövqe tutmağa sövq edə bilər".

Ekspertin fikrincə, İranın saxlanılan Azərbaycan vətəndaşları barədə məlumatları gizlətməsi ölkəmizə qarşı siyasi təzyiq aləti kimi dəyərləndirilə bilər:

"İran bu hərəkətləri ilə beynəlxalq konvensiyalarda müəyyənləşən hüquq normalarını pozur. 1963-cü il Vyana Konsulluq Münasibətləri Haqqında Konvensiyanın 36-cı maddəsinə görə, saxlanılan şəxslər aid olduğu dövlətin diplomatik nümayəndəliyi ilə əlaqə yaratmaq hüququna malikdir. İran isə bu öhdəliyi yerinə yetirmir. Tehran bununla həm ikitərəfli müqavilələrin şərtlərinə, həm də 1998-ci il fevralın 21-də imzalanan məhkumların verilməsi barədə müqaviləyə əməl etmir. Çünki vətəndaşlarımız cəzanın qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciət etmək imkanından məhrum edilir".
 


O xatırladıb ki, Azərbaycan özündə cinayət törədən İran vətəndaşlarını həmişə Tehrana ekstradisiya edib:

"Amma müqavilənin şərtlərinə görə, məhkumlar verildikdən sonra onlar cəzalarını çəkməyə davam etməlidirlər. Lakin İran çox vaxt bu şərtə əməl etmir, vətəndaşlarını aldıqdan sonra əksər hallarda cinayət işinə xitam verir. İranın daxili təhlükəsizlik strukturları və SEPAH isə çox vaxt diplomatik kanalların fəaliyyətinə mane olur. Xüsusən də casusluq və milli təhlükəsizlik ittihamlarında. Tehran Azərbaycana qarşı da bir çox hallarda bu mexanizmdən təzyiq vasitəsi kimi istifadə edir".

Əliməmməd Nuriyev bildirib ki, belə halların qarşısını almaq üçün ilk növbədə diplomatik və beynəlxalq hüquqi mexanizmlər gücləndirilməlidir:

"Vyana Konvensiyası normalarının yerinə yetirilməsi tələb olunmalıdır. Bakı, İranın bu öhdəlikləri pozmasını BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında qaldıra bilər. İkitərəfli mexanizm də aktivləşdirilməlidir. 1998-ci il müqaviləsinin icrası üçün birgə komissiya yaradılmalıdır. Konsulluq siqnal mexanizmləri də tətbiq edilə bilər. Hər iki ölkənin XİN-i arasında saxlanılan şəxslərlə bağlı 72 saatlıq məlumat mübadiləsi proseduru təsbit edilməlidir".

Fond rəhbəri əlavə edib ki, Azərbaycan həmçinin məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə, BMT-nin İşgəncələrə qarşı Komitəsinə də çıxara bilər:

"Əgər İran öhdəliklərini pozursa, Azərbaycan da həbsdəki iranlılara qarşı eyni hüquqi prosedurları tətbiq edə bilər. Bunun diplomatik nəticələri nəzərə alınmalıdır. Ekstradisiya prosedurunun sərtləşdirilməsi, İranla yeni hüquqi yardım sazişinin hazırlanması və məcburi konsulluq xəbərdarlığı maddələrinin həmin sazişə daxil edilməsi məqsədəuyğundur. Habelə, XİN və Ombudsman Aparatı çərçivəsində hüquqi və psixoloji dəstək mexanizmləri də yaradılmalıdır. Həmçinin məsələ ictimai diplomatiya vasitəsilə beynəlxalq təşkilatların diqqətində saxlanmalıdır. Ən effektiv mexanizm isə hüquqi təminatın institutsionallaşdırılmasıdır".

Bundan əvvəl XİN-in mətbuat katibi Ayxan Hacızadə İran XİN sözçüsünün Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına cavab verərkən bildirib ki, İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar ölkəmizin diplomatik missiyalarına təqdim edilmir. Vətəndaşlarımız çox zaman nə diplomatik nümayəndəliklərlə, nə də ailə üzvləri ilə əlaqə qura bilirlər, həmçinin 1998-ci il müqaviləsinə uyğun olaraq cəzanın qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciət etmək imkanından da məhrumdurlar.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->