Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən "Qaynarinfo"ya verilən xəbərə görə, əmrə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” və tam orta təhsil səviyyəsində təmayülləşmənin pilot qaydasında tətbiq olunduğu ümumi təhsil müəssisələrinin XI sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” (16–24 nömrəli əlavələr) təsdiq edilib.
Qaydalara əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 20 (iyirmi) nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 (iki) qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.
Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə (“texniki” təmayül üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”, “riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə “Riyaziyyat”, “Coğrafiya” və “Azərbaycan tarixi”, “humanitar” təmayül üzrə “Azərbaycan dili”, “Xarici dil”, “Azərbaycan tarixi” və “Ümumi tarix”, “təbiət” təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika”) digər bir təmayül fənni hesabına 1 (bir) saat artıq vaxt verilə bilər. Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 (iki) saatdan 1 (bir) saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 (bir) saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Qaynarinfo.Az
Şərhlər