Xəbər lenti

Təhsil Nazirliyinin 4 milyonluq
Ekonomiks 15:16 29.10.2021

Təhsil Nazirliyinin 4 milyonluq "su daşıması”: 1 manatlıq su 8 manata alınır?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə maliyyə dəyəri 4 517 630 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suyun və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, QSC 7 iyul 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 29-da yerləşir. QSC-nin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur. Açıq mənbələrdə QSC və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. 

Mediada gedən məlumatlara görə, satınalma müsabiqələrində fəal iştirak edən və qalib gələn şirkətin hüquqi ünvanı əvvəl Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 2v 2, m.17-də yeriləşib. Həmin ünvanda "NT Engineering” MMC-də qeydiyyata alınıb. Bu şirkət də tenderlərin aktiv işrirakçısıdır.

Bundan başqa, aydın olur ki, 2019-cu ildə "Stone Construction” QSC təşkilati hüquqi formasını dəyişib. MMC olan şirkət QSC-yə çevrilib. 

"Global Construction” tikinti şirkəti kimi təqdim edilsə də, məlum olur ki, QSC həm də içməli su satır. Yeri gəlmişkən, may ayında şirkətlə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi arasında müqavilə imzalanıb. Müqavilədən aydın olur ki, "Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 896 manat dəyərində 19 600 ton su satacaq. 
Hesablamalardan aydın olunur ki, qurum 1 kub metr içməli su üçün 8.26 AZN (1 ton su = 1,0183 kub metr) ödəməlidir. Hazırda Azərbaycanda əhali üçün 1 kub metr suyun qiyməti 70 qəpik, qeyri-əhali üçün isə 1 manatdır. Beləliklə, "Stone Construction” QSC 1 manatlıq suyu 8 manata satır. Hətta bu qablaşdırılmış su olsa belə, yenə də qiymət dəfələrlə bahadır. 

Bu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanan müqavilənin maliyyə dəyəri də müəyyən şübhələrə yol açır. Hər halda su daşınması üçün 4 milyonluq vəsait kifayət qədər böyük məbləğdir. Ehtimal etmək olar ki, dövlət satınalmaları portalında məbləğ səhv qeyd edilib. Portalda bu cür səhvlərə vaxtaşırı rast gəlinir. Amma buna Bakı Şəhəri üzrə Təhsil İdarəsi, yaxud da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aydınlıq gətiməlidir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->