Ölkə 11:23 06.03.2020

“Təlimlərdən sonrakı mərhələ müharibə və torpaqların işğaldan azad edilməsidir” - RƏYLƏR

"Bu təlimlər ən yüksək səviyyədə hazırlıq, birliklər arasındakı qarşılıqlı əlaqə, döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi və öyrənilməsi üçün çox vacibdir”.

Bunu Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov genişmiqyaslı komanda-qərargah təlimləri ilə bağlı "Report”a şərh edərkən deyib.

O bildirib ki, irimiqyaslı komanda-qərargah təlimləri şəxsi heyət, silah və zirehli texnikanın cəlb edilməsi ilə keçirilir:

"Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən, mərkəzi və şimal-qərb bölgəsində keçirilən təlimlərə Silahlı Qüvvələrin müxtəlif hərbi birliklərinin şəxsi heyəti və texnikası cəlb edilib. Prezident İlham Əliyev qərb bölgəsində həm Daxili Qoşunlar, həm də Müdafiə Nazirliyinin hərbi hissələrinin açılışlarında iştirak edərkən oradakı texnikanın bir hissəsinə də baxış keçirdi. Hər irimiqyaslı komanda-qərargah təlimlərində Azərbaycan Ordusunun silahlanmasına daxil olan yeni silah göstərilir. Düzdür, tam açıqlanmadı, çünki onun tam açıqlanması səlahiyyəti Ali Baş Komandana, müəyyən miqdarının açıqlanması səlahiyyəti isə Baş Qərargah rəisinə məxsusdur. Bu texnikalar qısa müddət ərzində şəxsi heyət tərəfindən öyrənilib. Ona görə ki, bizdə döyüş qabiliyyəti vəzifələrdə çalışanlar peşəkar hərbçilər - müddətdən artıq xidmət edən hərbi qulluqçular və gizirlərdir.

Belə təlimlərin keçirilməsi kifayət qədər yüksək vəsait və təminat tələb edir. Bu gün Azərbaycan Ordusunda mövcud olan yüksək təminat döyüş hazırlığı üçün vacib olan belə təlimlərin keçirilməsinə imkan verir. Bu təlimlərdən sonrakı mərhələ ancaq müharibə və torpaqların işğaldan azad edilməsidir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə "Report"a açıqlamasında xatırladıb ki, növbəti komanda-qərargah təlimləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana uyğun olaraq keçirilir:

"Belə təlimlər yüksək peşəkarlıq tələb edir. Əlbəttə ki, ilk növbədə şəxsi heyətin döyüş hazırlığı, qərargahların hazırlığı və təlim tapşırığı aldıqdan sonra qərar qəbul etməyə qədər gedən fəaliyyətlər, sənədlərin işlənməsi, onların keyfiyyəti, hesabların aparılması əhəmiyyət kəsb edən məsələlərdir. Bundan başqa, təlimlərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı qərarların qəbul edilməsi, çatdırılması, müəyyən tapşırıqların dəqiqləşdirilməsi üçün yüksək texnologiyalardan və informasiya üsullarından istifadə ediləcək”.

O qeyd edib ki, genişmiqyaslı komanda-qərargah təlimlərində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunur:

"Təlim planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçirirlər. Şəxsi heyət bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bildiyimiz ki, Silahlı Qüvvələrin şəxsi heyəti daim tədris və təlim prosesinə cəlb edilir və hər zaman bilik və bacarıqlara yiyələnirlər.

Təlimlərdə ordunun müxtəlif təyinatlı bölmələri - piyadalar, motorlu, artilleriya, raket-yayım vasitələri, hərbi hava qüvvələri , hava hücumundan müdafiə sistemlərinin əlaqələndirilməsi və ümumi ssenari üzrə əlaqələndirilməsi və verilən tapşığın yerinə yetirilməsi ilə bağlı təcrübə qazanılacaq. Təbii ki, bu qüvvələrin hər birinin öz tapşırıqları var və bu tapşırıqların düzgün yerinə yetirilməsi üçün düzgün qərarların qəbul edilməsi və hədəflərin ələ keçirilməısinə nail olmaq vacib məsələdir. Belə təlimlərdə hədəflərə nail olmaq təcrübəsi qazanılır və döyüş qabiliyyəti bir daha nəzərdən keçirilir”.

Ş.Ramaldanov vurğulayıb ki, bütün bunlar işğal olunmuş ərazilərimizdə ola biləcək anti-terror əməliyyatları və torpaqlarınızın işğaldan azad edilməsi zamanı həyata keçirləcək ssenariyə uyğun təlimlərdir:

"Belə təlimlərin keçirilməsi həm də yüksək təminat tələb edir və hazırda Azərbaycan Silahlı Qüvvələrində təminatlar yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyətinin peşəkarlığı fonunda hərbi bölmərimizin qarşılıqlı əlaqəsini formalaşdıran bu təlimlərin də əvvəlkilər kimi uğurlu keçəcəyinə inanıram. Əlbəttə ki, hər təlim gələcək döyüşlərdə bizim üçün bazadır, təcrübədir və bu təcrübə Silahlı Qüvvələrin döyüş hazırlığının daha da yüksəldilməsinə xidmət edəcək”.