Foto 18:42 06.05.2019

Təranə Səmədova azadlığa buraxıldı (FOTO/VİDEO)

Tanınmış prodüsser Təranə Səmədova azadlığa buraxılıb. 

Lent.az-ın məlumatına görə, prodüsser saxlandığı qadın həbsxanasından bir qədər əvvəl sərbəst buraxılıb.
 
Təranə Səmədova lent.az-a açıqlama verib: "Bu, bir yuxu idi. Heç vaxt həbsə düşəcəyimə inanmırdım. Kənardan bura qəribə baxırdım. Həyatda heç kim nə ölümdən, nə də həbsxanadan siğortalanmayıb".

Təranə Səmədovanın sözlərinə görə, danışacağı sözlər həddən çoxdur: "Həbs həyatı mənə müəyyən vaxtlarda susmağı öyrətdi. Mən heç kimin pis gününə sevinməmişəm. Həyatda hər kəsin bir alın yazısı var. Kimləri gözləyirdimsə, onlar bu gün məni qarşılamağa gəlmişdi".

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi də Təranə Səmədova barəsində olan hökmü dəyişdirmədən saxlayıb. Hazırda prodüsserin işi Ali Məhkəmədə baxılır.