XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Təyyarə çox ağırdır": Pilot sərnişinləri gözlənilməz seçim qarşısında qoydu
Dünya13:28 28.08.2026

"Təyyarə çox ağırdır": Pilot sərnişinləri gözlənilməz seçim qarşısında qoydu

Yunanıstanın Skiatos adasından Neapola uçan təyyarənin havaya qalxmasından əvvəl qeyri-adi hadisə baş verib. Kapitan sərnişinlərə təyyarənin həddindən artıq ağır olduğunu və buna görə baqajın bir hissəsinin təyyarədə qala bilməyəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "TVP Info" yazıb.

"Burada kapitan mənəm və qərarı mən verirəm", deyə pilot sərnişinlərin narazılığına cavab verib.

Onun sözlərinə görə, qərar təhlükəsizlik mülahizələri ilə bağlı olub. Daha sonra pilot sərnişinlərin alqışları ilə qarşılanıb.

İtaliya KİV-lərinin məlumatına görə, uçuşdan az əvvəl pilot 180-dən çox sərnişinə bütün baqajın təyyarəyə götürülə bilməyəcəyini bildirib. Təəccüblənən turistlər buna etiraz etsələr də, çamadanların daha sonra çatdırılacağı barədə izahat onları razı salmayıb.

Nəhayət, kapitan qətiyyətlə təyyarənin təhlükəsiz şəkildə havaya qalxması üçün onun daha yüngül olması lazım olduğunu izah edib. O, əvvəlcə sərnişinlərin sayının məhdudlaşdırılması variantının nəzərdən keçirildiyini də bildirib. Sonda bütün sərnişinlərin təyyarəyə minməsinə icazə verilib, lakin bunun müqabilində baqajın bir hissəsinin hava limanında saxlanılması tələb olunub.

KİV-lərin yaydığı səs yazısında pilotun etirazlar fonunda bütün sərnişinlərin təhlükəsizliyinə görə məsuliyyət daşıdığını və təyyarə yüngülləşdirilməsə, onun havaya qalxa bilməyəcəyini izah etdiyi eşidilir:

“Ya sərnişinlərdən bəziləri təyyarədən düşməlidir, ya da baqajın bir hissəsi qalmalıdır. Hansını seçirsiniz?”, deyə pilot canlı müzakirə zamanı sərnişinlərdən soruşub və seçimi onların ixtiyarına buraxıb.

Heç bir sərnişin təyyarədən düşmək istəməyib.

“Napoli Today” nəşrinin yazdığına görə, Skiatos adasındakı uçuş-enmə zolağı bir çox iri hava limanlarındakından daha qısadır. Hər uçuşdan əvvəl ekipaj təyyarənin ümumi çəkisi, havanın temperaturu, uçuş-enmə zolağının uzunluğu, örtüyün vəziyyəti, küləyin istiqaməti və sürəti kimi amilləri nəzərə alaraq təyyarənin uçuş göstəricilərini hesablamalıdır. Təhlükəsizlik ehtiyatının kifayət etmədiyi müəyyənləşdirilərsə, təhlükəsiz uçuşu təmin etməyin üsullarından biri təyyarənin çəkisini azaltmaqdır.

Uzun müzakirədən sonra pilotun qərarı sərnişinlərin alqışları ilə qarşılanıb.

Aydın