“TikTok” sosial şəbəkəsində “online kurslar” və “Gülnare Efendiyeva” adlı səhifələr yaradaraq baxıcılıq və falçılıq məzmunlu paylaşımlar edən qadına hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2001-ci ildə Bakı şəhərində anadan olan, orta təhsilli, işləməyən, evli və əvvəllər məhkum olunmayan Məleykə adlı qadın Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilib. Cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Məleykə təxminən noyabr ayının əvvəllərində bir qadının onun səhifəsinə yazaraq kömək istəyib. O, həmin qadına cavab verərək özünü “Elena” adı ilə təqdim edib və cadu pozmaq, fala baxmaq kimi xidmətlər göstərdiyini bildirib.
Zərərçəkmiş K.V. ailəsində bir sıra problemlərin olduğunu, ailəsinin dağıldığını, ərinin onu və körpə uşaqlarını qoyaraq başqa qadınla ikinci dəfə ailə həyatı qurduğunu, övladlarından birinin isə sağalmaz xəstəlikdən əziyyət çəkdiyini bildirib.
Məleykə isə K.V.-yə uşağını sağaldacağını və ərinin ailə qurduğu ikinci arvadının ölməsi üçün əlindən gələni edəcəyini vəd edib. Bu məqsədlə K.V.-dən 14 080 manat pul alıb.
Lakin K.V. sonradan həmin qadının vədlərinə əməl etmədiyini və aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Məleykə barəsində cinayət işi açılıb.
Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli qərarını tətbiq edərək təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilib.
Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasının geri qaytarılması barədə də qərar qəbul edib.
Aydın
Şərhlər