Xəbər lenti

Tısbağadan kamança düzəldən ustadan daha bir ixtira (REPORTAJ)
Sənət 11:25 14.10.2017

Tısbağadan kamança düzəldən ustadan daha bir ixtira (REPORTAJ)

Sosial şəbəkədə paylaşılan bir musiqi aləti diqqətimi cəlb etdi və həmin aləti hazırlayan ustanın kim olduğu ilə maraqlandım. Məlum oldu ki, o, Musiqi Akademiyasında qədim musiqi alətlərimizin bərpası və təkminləşdirilməsi laboratoriyasında çalışır. Usta ilə əlaqə saxlayıb, çəkiliş etmək istədiyimizi bildirdim. Onun da razılığını aldıqdan sonra fotoqrafımızla birgə yollandıq həmin məkana...

Dəzgahların səsi otağının qapısına çatmamışdan eşidilirdi. Musa usta (Musa Yaqubov) yenə öz ixtiraları ilə məşğul idi. Dəzgahı dayandırıb, bizi çox mehribanlıqla qarşıladı. Ustanın əl işlərinin incəliyi onun çalışdığı yerdən bəlli olar deyirlər. Elə emalatxanası da təmiz, səliqəli idi, hər şey, bütün alətlər ardıcıllıqla düzülmüşdü.


Onun daim axtarışda olması, yenilikçiliyi elə hazırladığı alətlərdən bəlli idi. Bu ixtiralarından birini də Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr etmişdi. Usta milli musiqi alətlərimiz olan tar və kamançanı fərqli dizaynda yenidən hazırlayıb. Belə ki, qədim görünüşündən fərqli olan bu musiqi alətləri üçrəngli bayrağımızda olan ay və səkkizguşəli ulduzu özündə əks etdirir. O, səs və diapazonunda heç bir fərq olmadığını, yeni alətin sadəcə görünüşü ilə klassik tar və kamançadan fərqləndiyini deyir. Normal bir tarın hazırlanması üçün 1-2 ay vaxt lazım olduğunu bildirən usta ay-ulduz alətinin hazırlanmasına isə 5-6 ay vaxt sərf etdiyini söylədi. O, bunu əvvəlcə kamança üzərində test etdiyini, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevlə görüşündən sonra isə həvəslənərək, ay ulduzun tarını da hazırladığını bildirdi.


Düzü ora getməzdən öncə ustanın tısbağa qınından kamança hazırladığını da öyrənmişdim. Bir müddət öncə bununla bağlı mətbuatda da yazılar getmişdi. O, həmin aləti də bizə göstərdi və tısbağa çanağı qalın olduğu üçün onu kəsib formaya salarkən böyük əziyyət çəkdiyini dedi. Usta rayonlara səfərlərinin birində ölmüş bir tısbağa gördükdən sonra kamança hazırlamaq qərarına gəldiyini deyir. Maraqlı tarixçəsi olan alətə gələcəkdə təlabatın ola bilməsi məni maraqlandırır, bir tərəfdən də qorxuya salır. Çünki kamança üçün tısbağa ovu heç də məntiqli görünmür. Ona görə elə bu sualı ustaya verdim.

- Usta, bəs buna təlabat artarsa, yəni kamança ifaçıları tısbağa çanağından onlar üçün alət hazırlamağınızı istəsələr,, necə olacaq? Tısbağa ovuna başlayacaqsız?

- (Gülür) Təbii ki, yox. Eşitdiyimə görə, Çində tısbağa ətini yeyirlər. Nə edək, çox istəsələr gərək Çinə gedim.


Usta ilə şirin söhbətimiz əsnasında laboratoriyanın müdiri Maya Qafarova da gəlir. Danışmaqla o qədər də arası olmayan Musa ustada sanki bir rahatlıq, sərbəstlik yaranır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqi Akademiyasının professoru Maya Qafarova laboratoriyanın da bu yaxınlarda 25 illiyini qeyd etdiklərini və bu illər ərzində qədim musiqi alətləri üzərində çoxlu araşdırmalar aparıldığını, köhnə alətlərin yenilənməsi ilə yanaşı, 11 yeni tipli musiqi aləti yaratdıqlarını bildirdi. Musa ustanın əl işlərindən danışan laboratoriya müdiri də onun yenilikçi bir insan olduğunu söylədi.


Məlum oldu ki, Musa Yaqubov yeni hazırladığı alətlərin artıq bir neçəsini patentləşdirib. Öncə qoşaqol kamançasını qeydiyyatdan keçirdiyini deyən usta yeni alətlərin də patentləşdirilməsi üçün hazırlıq proseslərinin getdiyini dedi.

Qoşaqol kamança, çanaq kamança, yaylı ud, yaylı rübab, ərğanun, müasir çəng kimi alətlər görsəniz, bilin ki, həmin alətlərin hamısı Musa ustanın əlindən keçib. Əllərin ağrımasın, usta!

Çingiz Səfərli

Foto-video: Sultana Əhmədbəyli

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->