Siyasət 12:47 18.09.2020

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq (YENİLƏNİB)

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

"İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün baxılacaq.
 
***11:53 

Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

O bildirib ki, T.Yaqublunun azadlığına qovuşacağına ümid edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Onun barəsində verilən hökmdən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində 28 sentyabr saat 15:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.