"Qazaxıstanda nəzərdə tutulan Konstitusiya islahatları idarəetmə mexanizminin əsaslı şəkildə dəyişdirilməsi və ikipalatalı parlamentdən yaxa qurtarmağa yönəlib".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Qazaxıstanda idarəetmə sistemini köklü şəkildə dəyişəcək Konstitusiya islahatlarının barədə verilən anonsu şərh edərkən deyib.
"Seçki sistemində də müəyyən dəyişikliklər nəzərdə tutulur. Amma Prezidentin hüquqi statusu ciddi şəkildə dəyişmir. Adətən ikipalatalı parlament federativ dövlətlər üçün xarakterikdir. Yəni federsiya üzvləri bilavasitə əhali tərəfindən seçilən aşağı palatanın imkanlarını məhdudlaşdırmaq, daha çox mərkəzi hakimiyyətin maraqlarına xidmət etmək məqsədilə yaradılır", eyə ekspert bildirib.
Həmsöhbətimiz qeyd edib ki, regionalist dövlətlər formal olaraq unitar dövlətdir, amma unitar dövlətlə federativ dövlət arasında aralıq mövqe tuturlar:
"Yəni ayrı-ayrı bölgələr federasiya subyekti statusuna malik olmasalar da, nisbi muxtariyyətə malik olmaqla bir çox məsələləri mərkəzi hakimiyyətdən asılı olmadan özləri həyata keçirir. Məsələn, Fransa və İspaniyada belə bir sistem mövcuddur. Bu dövlətlərdə də ikipalatalı parlament formalaşıb. Postsovet məkanında Rusiya federativ dövlət olduğundan ikipalatalı parlament mövcuddur. Lakin əksər ölkələrdə birpalatalı parlament formalaşıb. Qazaxıstan və Özbəkistanda da ikipalatalı parlament formalaşıb. Özbəkistan bir neçə il bundan əvvəl birpalatalı parlament sisteminə keçib. İndi Qazaxıstan da bu yolu getmək istəyir".
Ekspetin fikrincə, Astananın bu istəyi ölkə daxilində bilavasitə əhali tərəfindən seçilən parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasına artıq ehtiyacın olmaması ilə bağlı ola bilər:
"Yəni birpalatalı parlament artıq bütövlükdə mərkəzi hakimiyyəti də təmin edir. Ölkədə siyasi sistem artıq sabitləşib. Palataların bir-birini tarazlaşdırması, bir-birinə nəzarət etməsinə ehtiyac yoxdur. Ona görə də hesab olunur ki, birpalatalı parlament artıq ölkənin bütün maraqlarını təmin edə bilər. Parlamentin tamamilə partiya siyahısı üzrə seçiləcəyinə gəldikdə, bu həm siyasi sistemin inkişafına, siyasi partiyaların cəmiyyətdəki rolunun güclənməsinə xidmət edir, həm də son nəticədə parlamenti əsl siyasi mübarizə, fəaliyyət meydanına çevirmiş olur. Azərbaycan da gələcəkdə bu modeldən yararlana bilər".
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin idarəetmə sistemini kökündən dəyişdirə biləcək konstitusiya islahatı təşəbbüsü ilə çıxış edib. Onun dediyinə görə, ölkənin siyasi sistemində ciddi dəyişiklik vəd edən referendumda Senatın ləğv edilməsi və vahid parlament yaradılması, deputatların isə partiya siyahıları ilə seçilməsi təklif olunur.
Rüfət Sultan
Şərhlər