İdman 23:53 02.08.2021

Tokio-2020: Sabah dörd idmançımız mübarizə aparacaq

"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. 

Qaynarinfo xəbər verir ki, sabah Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

8-ci yarış günündə 3 güləşçimiz xalça üzərinə çıxacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar.

R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.

Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) isə Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

Üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası "Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.