Xəbər lenti

Torpaqlar Rusiyaya verilərsə, ABŞ-Ukrayna Sazişinin taleyi necə olacaq?
Dünya 13:08 21.08.2025

Torpaqlar Rusiyaya verilərsə, ABŞ-Ukrayna Sazişinin taleyi necə olacaq?

"Tramp çalışır ki, Ukraynanın işğal olunmuş ərazilərini Rusiyaya vermək hesabına Putini razı salsın. Eyni zamanda, o istəyir ki, həmin ərazilərdəki nadir metalların istismarı barədə müqavilə də qüvvəsində qalsın. Güman ki, Putin buna razılıq verməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli ABŞ-ın Kiyevlə nadir minerallarla bağlı imzaladığı müqavilədə nəzərdə tutulan ehtiyatların mühüm hissəsinin Rusiyanın işğalı altında olan və Trampın da Moskvaya verilməsini istədiyi ərazilərdə yerləşməsi fonunda sözügedən müqavilənin taleyi barədə danışarkən deyib:

"ABŞ heç nədən imtina etmək istəmir. Alyaska görüşündə Putinlə Trampın ümumi razılığa gəlməməsinin əsas səbəblərindən biri əslində Ukraynanın işğal altında olan ərazilərindəki nadir metallarla bağlı məsələdir. Hansı ki, həmin ərazilər Rusiyanın əlində qalsa, Vaşinqtonun Kiyevlə nadir metalların istismarı haqqında bağlanan müqavilə də öz əhəmiyyətini itirmiş hesab olunur", deyə Qulamhüseyn Əlibəyli bildirib.

Ekspert düşünür ki, Tramp ola bilsin, əvvəlki müqavilənin qüvvəsini saxlaması üçün Rusiya ilə də oxşar müqavilə bağlamağa çalışır:

"O biri tərəfdən də Tramp istəyir ki, sülh müqaviləsi də imzalansın. Xatırlayırsınızsa, Alyaskadakı son görüşdə də təbii sərvətlərin istismarı məsələsi dəfələrlə səsləndi. Hər halda görünən odur ki, bu məsələdə də ziddiyyətli məqam yaranıb".



Həmsöhbətimizin fikrincə, Ukrayna işğaldakı ərazilərin Moskvaya verilməsinə razılıq verməsə də, nadir metallarla bağlı müqavilə bütün hallarda qüvvəsində qalacaq:

"Tramp əslində bu ərazilərdə fəaliyyətə başlaya bilər".

Qeyd edək ki, bir müddət əvvəl Vaşinqtonla Kiyev arasında imzalanan və ABŞ–Ukrayna Mineral Resursları Sazişi çərçivəsində nəzərdə tutulan fond və investisiya mexanizmi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki bütün mineral ehtiyatlara şamil edilir. Yəni hüquqi baxımdan həmin müqavilə həm hazırda Kiyev tərəfindən idarə olunan ərazilərə, həm də Rusiya işğalı altında olan ərazilərdəki resurslara aiddir.

Ukraynanın nadir metallarla bağlı Trampla imzaladığı müqavilədə nəzərdə tutulan qiymətli metalların mühüm hissəsi işğal altında olan ərazilərdə yerləşir. Donbasda böyük kömür və metal filizi ehtiyatları, Dnepropetrovsk və Zaporojyedə titan və litium, Luqanskda kömür və nadir metallar, Krımda isə qaz və müxtəlif mineral resurslar mövcuddur.

Ukrayna hazırda həmin ərazilərə nəzarət etmədiyindən, habelə Trampın bu əraziləri Rusiyaya vermək istəyindən yanaşsaq, yaranmış vəziyyət mövcud şəraitdə praktik olaraq həmin resurslardan istifadəni mümkünsüz edir. Amma sazişdə açıq şəkildə göstərilir ki, fondun gələcəkdəki layihələri Ukraynanın "tam ərazi bütövlüyü” prinsipinə əsaslanır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->