XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"
Ölkə20:00 27.08.2026

Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"

Tovuzda bir şəxsin avtomobil almaq və biznes qurmaq vədləri ilə tanışlarından on minlərlə manat pul aldığı iddia olunur. Cinayət işi üzrə təqsirləndirilən şəxsə şərti olaraq Rauf Məmmədov (şərti) deyəcəyik.

Qaynarinfo xəbər verir ki, ittihama görə, Rauf Məmmədov özünü İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumun keçirdiyi hərraclarda təcrübəli şəxs kimi təqdim edib. O, hərraclarda avtomobilləri bazar qiymətindən daha ucuz almağın mümkün olduğunu bildirərək tanışlarının etibarını qazanıb.

İş materiallarına əsasən, ilk epizod 2023-cü ildə baş verib. Rauf Məmmədov tanışlarından birinə 2007-ci il istehsalı “Hyundai Sonata” markalı avtomobili hərracdan 8500 manata alıb verəcəyini vəd edib. Bu məqsədlə həmin şəxsdən 8500 manat pul aldığı, lakin avtomobili almadığı və pulu mənimsədiyi bildirilir.

Bundan sonra oxşar vədlərlə daha bir neçə şəxsdən pul aldığı iddia olunur. İttihama görə, zərərçəkmiş şəxslərdən biri ilə avtomobil alqı-satqısı sahəsində birlikdə işləməyi və gəlir əldə etməyi təklif edən Rauf Məmmədov müxtəlif vaxtlarda ondan 19 700, 24 400, 15 000, 4500, 9500 və 13 000 manat olmaqla külli miqdarda pul alıb. Sonradan həmin şəxsdən aldığı pulların bir hissəsini – 13 000, 20 000 və 3800 manatı geri qaytarıb. Lakin ittihamda onun ümumilikdə 49 300 manat məbləğində vəsaiti ələ keçirdiyi göstərilir.

Digər epizodda isə 2021-ci ildən etibarən zərərçəkmiş şəxslərdən biri ilə avtomobil alqı-satqısı sahəsində əməkdaşlıq etdiyi bildirilir. İttihama əsasən, bu münasibətlər çərçivəsində əvvəlcə 30 500 manat, daha sonra isə 8000, 9000 və 20 000 manat pul alıb. Sonradan 8000 və 9000 manatı, həmçinin birgə biznes fəaliyyətindən əldə edilən gəlirdən 17 000 manatı geri qaytarıb. Nəticədə ona 33 500 manat zərər vurduğu iddia olunur.

Cinayət işində “VAZ 2107” və “Lada Niva” avtomobilləri ilə bağlı epizodlar da var. İttihama görə, Rauf Məmmədov zərərçəkmiş şəxslərdən birinə bazar dəyəri 6500 manatdan baha olan “VAZ 2107” markalı avtomobili hərracdan 6500 manata alacağını deyərək ondan müxtəlif vaxtlarda ümumilikdə 5700 manat alıb. Avtomobili ala bilmədikdən sonra 4900 manat qaytarsa da, 800 manat borcu qalıb.

Digər şəxsdən isə “Lada Niva” markalı avtomobili hərracdan 3500 manata alıb verəcəyini deyərək eyni məbləğdə pul aldığı, lakin vədini yerinə yetirmədiyi bildirilir.

İş üzrə daha bir epizod “Chevrolet Cruze” markalı avtomobillə bağlıdır. İttihama görə, Rauf Məmmədov tanışının avtomobilini 14 min manata satacağını və pulunu sahibinə tam şəkildə verəcəyini bildirib. Lakin sonradan avtomobili 11 min manat borcunun əvəzi kimi başqa şəxsə verib. Bu səbəbdən zərərçəkmiş şəxsə 14 min manat məbləğində maddi ziyan vurulduğu qeyd edilir.

Məhkəmə istintaqı zamanı Rauf Məmmədov ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslərdən müxtəlif məqsədlərlə pul aldığını, lakin vədlərinin bir qismini yerinə yetirə bilmədiyini etiraf edib.

Təqsirləndirilən şəxs bildirib ki, bəzi zərərçəkmişlərə dəymiş zərərin müəyyən hissəsini ödəyib. Onun sözlərinə görə, zərərçəkmiş şəxslərdən biri ilə bağlı hazırda 49 200 manat, digər şəxslərlə bağlı isə 5700, 3000, 2600, 800 və 5700 manat məbləğində borcları qalıb.

Cinayət işi üzrə Rauf Məmmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

İş üzrə məhkəmənin yekun qərarı materialda göstərilməyib. Təqsirləndirilən şəxsin ifadələri isə məhkəmə araşdırması zamanı səsləndirilən mövqedir və ittiham hökmü ilə eyniləşdirilməməlidir.

Seyid