Ölkə 14:23 03.12.2020

Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb

"Evimə dörd aydır su gəlmir”.

Bu barədə Tovuz rayon Məşədilər kənd sakini Arzumanov Mətləb Şəmistan oglu Qaynarinfo-ya ünvanladığı məktubunda bildirib. Mətləb Arzumanov məsələ ilə əlaqədar Tovuz rayon Sukanal İdarəsinə müraciət etsə də, problem hələ də həllini tapmayıb:

"Həyat yoldaşım da, mən də şəkər xəstəsiyik. Ailəmizdə isə iki körpə uşaq var. Bunları yazmaqda məqsədim var. "Azərsu” ASC-in Tovuz Regional Su İdarəsinin rəisi Darvin Hüseynov əhalinin su problemini həll etmək əvəzinə hər dəfə mənə yalan vədlər verərək aldadır. Evimin icməli su təminatı dörd aydan artıqdır ki, problemə çevrilib. Məcbur olub ailəmin su təminatini ödəmək ücün maşınla su alıram. Su problemi ilə əlaqədar rayon Sukanal İdarəsinə və Tovuz Regional Su İdarəsinin rəisinə müraciət etsəm də, hec bir nəticəsi olmayıb”.

Mətləb Arzumanov son ümidinin mətbuat olduğunu qeyd edib:

"Evimin icməli su probleminin həll edilməsində mənə köməklik göstərməyinizi xahiş edirəm”.

Tovuz Regional Su İdarəsinin rəis müavini Aydın Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Arzumanov Mətləbin evinə su xətti çəkilib:

"Amma suyun təzyiqi olmadığından onun evinə su qalxmır. İndi göstəriş verdim, onun evinə yeni bir xətt çəkiləcək. Ondan sonra evi su ilə təmin olunacaq. Sonra sayğac da quraşdırılacaq”.

Bahar Rüstəmli