Orxan Saffari

Blogger
Yazılar
6
Toyxanalarımız -

Toyxanalarımız - "kamazqarın" kişilər və...

Orxan Saffari

Əvvəllər imkansızlıqdan, sonralar isə ixtisasımdan dolayı bir xeylam xidmət sahəsində can qoymuşam. Şadlıq evindən tutmuş şər evinə kimi, oteldən tutmuş gecə klubuna kimi, oradan da tut, harda çay-yemək verirlərsə, ora kimi hamısında işləmişəm. Bu da yüzlərlə hadisəyə, minlərlə insanı müşahidəmə səbəb olub. Məsələn, mən hansı zonanın adamlarının xeyir-şərində necə davranmalarını əzbər bilirəm. İndi bölgə ayrımçılığı edib, ad çəkməyəcəm. Sonra qan düşər. Elə o toylardakı kimi. Və bu sahədə əslində mədəniyyətin hansı səviyyədə olduğunu açıq-aşkar görmək olur. Gəlin, bu yazı ilə şadlıq evinə "səyahət" edək. 

Gördüyüm və ifadə elədiyim bu mənzərəyə "əksər" toylarda şahid olmuşam.  

*
Saat altıya yaxınlaşır. Süfrəçi paltarımı geyinib, masamı da yeməklə doldurmuşam. Təbii, menyu daxilində. Bir azdan isə bu masa cırıq-cırıq olacaq.

Arvadlar qonşudan aldığı qızılları taxıb, qrup halında "foyedə" oturub qeybətləşir.  

Bir də görürsən, 10 dəqiqənin içində gəlinin bacısının torbasını tikdilər. Bu dəmdə bacı özü girir içəri, bayaqkı xalalar da "bıy, ay qız nə gözəlləşmişən, maşallah, sənin üçün də olsun"- deyib, öz naqisliklərini gizləməyə çalışırlar. 

Qarşı kresloda kişilər adəti üzrə çay içə-içə işdən-gücdən, öləndən-itəndən, toydan-bayramdan, siyasətdən danışırlar. 

Ortada bəziləri şirin, amma bir o qədər də zəhlətökən uşaqlar qaçışır, gördüyü hər şeyə əl atır, istəyir. Sən də məcbursan ki, üzünə güləsən.

*
Yavaş-yavaş zala daxil olurlar. Arvadlar artıq bir dəfə qızıllarını və icarəyə götürdüyü paltarları nümayiş etdirib, indi isə qalıb əsas mərhələ. Zala daxil olub, qadınlarla bir-bir görüşür, bir-birinin balalarına toy arzu etməyə başlayırlar. Öpüşmək mərasimi bitəndən sonra hərə öz masasında 1 dəqiqə əvvəl xoş sözlər dediyi qadın haqqında yenidən uyğun olmayan ifadələr işlətməyə başlayırlar. 

Ara sakitləşir. Hamı oturur. Bəy-gəlin də gəlib çıxır. 

Bu dəmdə işıqlar da sönülü olur. Bəy-gəlin rəqsindən sonra işıqlar yanır və dərhal yekəbığ, kamazqarın dayılardan biri səmimiyyətini mədəniyyətsiz formada " ə, bajıoğlu, süz görüm, tez!" deyib, sərgiləyir. 

Qarşıda isə daha da ürək dağlayan mənzərə var. Yeməyin üstünə bir daraşırlar, bir daraşırlar, deyərsən, aclıq gəlib, bunlara yemək qalmayacaq. 

Yeməyin özü, yemək yemək böyük bir mədəniyyətdir. Ümumiyyətlə, bir xalqın yeməyi, mətbəxi onu ifadə edir. Əfsuslar olsun ki, bizdə bu mədəniyyət çox vaxt gözlənilmir. Basməmmədi şəkildə yeməkləri basıb yeyərək qıraqdan qəbilə icmasını xatırladan iyrənc bir mənzərə görmək olar. 

*
Masaya isti yemək gəlir. Kasanı yerə qoymamış şələbığ, qarnı masanın üstündə bir kişi mütləq dillənir: 

-Elə bu? Gətir dana bajıoğlu, gətir, yeyək, qırıldıq batdıq day! Tez elə bir az!

Saxta sevgilər, suni gülüşlər restoranın zalı boyunca yayılır.

Yavaş-yavaş məclis də qızışmağa başlayır. Sözsüz, növbədə içki mədəniyyəti var. Amma harda? Bunun sadəcə adı var.  İçəri girəndən arağı ana südü kimi gözünə təpənlərdən bir də gördün ki, biri elə restoranın ortasınaca qaytardı. Gəl, indi iyrənmə bu qusmağa. Adamın iştahası qaçır. 

Bəs, bu adamlar kimlərdir? Kimlərdir içib özünü idarə edə bilməyən, bu səviyyəsiz adamlar? 

Adətən, cəmiyyətə ağsaqqal kimi təqdim olunan, çöldə-bayırda hörmətli adam kimi bilinən, qarşısına çıxan hər kəsə əxlaq dərsi verən, ağır oturub batman gələnlər. Bizdə belə adamlara aşırı hörmət edirlər.

Bu cür adamların arasında yemək üstündə bəzən adamı qapan, iki saat hürənlər də olur hələ. Sanki yeməyini əlindən almısan. 

Əksər qadınlar da bu vaxt az öncəki naqisliklərini edirlər. Gəlinin paltarından tutmuş, bəyin xalasına qədər qeybətlər, pisləməklər, mundarlıq etmələr, daha nələr, nələr...

Mahnılar da öz yerində. İkinci butulka başını yerə qoyanda bizim bu ağsaqqallar olurlar kenquru. Öz kişiliklərini günlük 10 manata işləyən cavan uşaqların üstündə göstərməyə can atırlar. Yəni, onlara xidmət edən süfrəçilərə qəzəblənmək, təhqir etmək, bəzi hallarda isə üstünə cummaqla. 

Qarnı yerə dəyən bu əzazillər, meymun kimi ordan ora, burdan ora tullanır. Həyat yoldaşları olan qeybətçil xalalar da qıraqdan baxıb utanır.

Saat 9-10. 

Qəhrəmanlarımız artıq yavaş-yavaş danışığını da itirməyə başlayır, əlaqəsiz cümlələr qurur.

Aha... birdən birinin yadına 2 ildir qəbrini ziyarət etmədiyi Qızbəs anası düşür. Tez cibindən bir beşlik çıxardıb, ana muğamı sifariş verdirir. Dirsəyini yanındakı stola qoyub, ovucunun içini sifətinin bir hissəsinə dayayıb qəmlənir. Məclis hüzünləşir. 

Amma çox keçmir ki, bayaqkı amplualarına qayıdırlar. 

Ortalıqda isə içib özünü gicliyə, yaxşı oğlanlığa qoyan səydərəş gədələr olur. Hansı ki, ofisanta özünü tərifləyir, qulluğunda hazır olduğunu deyir. Təbii ki, yalandan.

Kişilər yenidən fasiləyə-foyeyə çıxır. 

15 dəqiqə sonra qayıdırlar həm öz yerlərinə, həm də mədəniyyətsizliklərinə.

Dediyim kimi, özlərini adam kimi apara bilməyən bu toyxana siçanları yemək də yeyə bilmir. 

Salat, kabab, arağ, çay, aş, tort, təzədən çay, arağ və s. kimi əlinə nə keçdi yeyib-içənlər, mədələrinə də hörmət etmirlər. 

Stolda külqabı olduğu halda siqaretin kötüyünü boşqaba basan mundarları da mı deyim?

Mahnılar davam edir. Özləri kimi bihörmət mahnılara atdanıb düşməyə də davam etməkdədirlər. 

Tort kəsilir. Bu vaxtı şar yağışı da olur. 

Sanki uşaqlığını yaşamayan bu həmin lopabığ dayılar əllərinə diş çöpü götürüb, düşüb şarları partladır. Bir də görürsən ki, balaca bir uşaq, qaldı bir yekə kişinin ayağının altında.

Mahnılar yenə davam edir. Oynaya da bilməyən bu adamlar "zakaz" üstündə yenidən mədəniyyətsizlik edir. 

Bəzən dava da salırlar. Hətta, sonu olduqca pis, cinayətlə qurtaran hallar belə olur. 

Məclis yavaş-yavaş yekunlaşır. 

Amma bu dəmdə də mütləq ortadan çıxmayan biri olur ki, artıq adamlar da ondan bezir. Amma bu hələ də bambılı kimi tək oyanamaqdan bezmir. Birtəhər yerinə göndərirlər. 

Vağzalı verilir. Bəy-gəlin meydana gəlir və gül atma mərasimi başlayır. 

İşin ən gülməli tərəfi də elə buradır. 

Tamada " subaylar arxaya keçsin, gülü tutan üçün tezliklə toy olsun"-deyir. 

Bir arvadı Moskvada, biri də elə burda olan  86-75 yaşlı kişilər də gül tutmaq üçün arxaya keçir. 

Gəlin gülü atır. Bir nəfər də vəhşi kimi tutur və əllərini dünya çempionu olubmuş kimi qaldırıb "mən tutdum, mən" ədası ilə özünü göstərir. 

Allah xoşbəxt eləsin!

OXŞAR XƏBƏRLƏR