"BRİCS ölkələri öz aralarındakı ticarətdə dollardan imtina istəyindən Trampın dövründə vaz keçməli olacaqlar".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov ABŞ prezidenti Donald Trampın BRİCS ölkələrini dollara alternativ yaratmaqdan vaz keçməyəcəkləri təqdirdə 100 faizlik idxal rüsumu ilə hədələməsini şərh edərkən deyib.
"Tramp onsuz da digərlərilə yanaşı, BRİCS-ə münasibətdə də idxal rüsumuna əl atacaq. Avropa və Çin məkanı üçün bəzi məqamlarda artıq bu tətbiq olunur. Nəzərə alaq ki, BRİCS ölkələri arasında olan ticarətin həcmi onların hər birinin ABŞ-la olan ticarətinin həcmindən dəfələrlə azdır. Bu nöqteyi-nəzərdən, Rusiyanı çıxmaq şərtilə BRİCS-ə üzv digər ölkələrin hər biri üçün ən vacib ticarət tərəfdaşı sözsüz ki, ABŞ-dır", deyə Fuad İbrahimov bildirib.
Həmsöhbətimizə görə, ABŞ kimi bazarı itirmək BRİCS ölkələrində makroiqtisadi tarazlığın pozulmasına gətirib çıxara bilər:
"Seçim qarşısında qalanda BRİCS ölkələri öz aralarındakı ticarətdə dollardan imtina istəklərindən birmənalı olaraq ən azından Trampın dövründə vaz keçəcəklər. Digər tərəfdən, alternativ ölçü vahidi olaraq qızıl özü də dolların qiymətilə müəyyən olunur. Ona görə də dollardan imtina barədə populist çıxışlara ehtiyac yoxdur. Ona əvvəlcə institusional şəkildə hazır olmaq lazımdır. Yalnız bundan sonra prosesə başlamaq olar".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı, Çinlə yanaşı, indi də BRİCS təşkilatını təhdid etməyə başlayıb. Tramp BRİCS-i "Truth Social" sosial şəbəkəsində 100% idxal rüsumları ilə hədələyib. O, vəd verib ki, birlik dollara alternativ olaraq yeni valyuta yaratmağa çalışarsa, belə bir tədbirə əl atacaq.
"Biz bu zahirən düşmən kimi görünən ölkələrdən yeni BRİCS valyutası yaratmayacağına dair öhdəlik götürmələrini və güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutanı dəstəkləməmələrini tələb edəcəyik", deyə Ağ Evin rəhbəri qeyd edib.
Rüfət Sultan
Şərhlər