ABŞ prezidenti Donald Tramp Rusiya hökumətinə xəbərdarlıq edib ki, Ukrayna ərazisində hücumları davam etdirməklə "odla oynayır”.
Qaynarinfo xəbər verir ki, "The Telegraph” qəzetinin icmalçısı Kon Koflinin yazdığına görə, bu sözlərin mənası yalnız o halda olacaq ki, Ağ Ev Kremlə qarşı daha sərt siyasət yürütməyə
başlasın.
Trampın bu münaqişənin nizamlanmasında iştirakına dair əsas problemlərdən biri onun Vladimir Putinə qarşı qeyri-sabit və ziddiyyətli münasibətidir. Müxtəlif vaxtlarda o, Rusiya prezidentini gah "ağıllı”, gah da "tamamilə dəli” adlandırıb ki, bu da diplomatik həll cəhdlərinə inamı sarsıdır.
Trampın tez-tez təkrarladığı "Ağ evə qayıtdıqdan 24 saat sonra müharibəni dayandıracağam” bəyanatı da real addımlarla uzlaşmır. Onun komandası və özü tərəfindən Ukraynanı, xüsusən də ərazi güzəştlərinə məcbur etmək cəhdləri Qərb müttəfiqləri və Kiyev tərəfindən ciddi tənqid olunur.
Bununla belə, görünür, Tramp artıq anlayır ki, Putin sülhə can atmır. Rusiya lideri ilə sonuncu telefon danışığından sonra Tramp "müəyyən irəliləyiş” barədə danışsa da, ABŞ administrasiyasının analitikləri bunun əksini düşünür: Moskva vaxt udmağa çalışır ki, cəbhədə üstünlük qazansın.
Bu qənaəti son hadisələr də təsdiqləyir: Rusiya genişmiqyaslı işğaldan bəri ən böyük hava zərbələrindən birini endirib, Sumı vilayətində isə bufer zona yaratmağa çalışır. Prezident Zelenski xəbərdarlıq edir ki, Rusiya yeni hücum əməliyyatlarına hazırlaşır.
Rusiyanın təzyiqləri fonunda ABŞ-ın qətiyyətsizliyi daha qabarıq görünür. Tramp özü də etiraf edir ki, Putin onu üstələyib. Yalnız Moskvanın üzərinə təzyiqlərin artırılması – məsələn, Rusiya neftini alan Hindistan və Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi və Ukraynaya hərbi yardım – vəziyyəti dəyişə bilər.
Vaşinqtonda Kiyevə uzaqmənzilli raketlər və müasir hava hücumundan müdafiə sistemlərinin verilməsi müzakirə olunur. Bu addım Ukraynanın müdafiəsini gücləndirməklə yanaşı, Kremlin də anlamalı olduğu açıq bir siqnal olacaq: heç bir "qələbə” olmayacaq.
Putin Trampın zəif cəhətlərindən istifadə etsə də, ABŞ-ın hazırkı prezidenti hələ də vəziyyətin axarını dəyişmək şansına sahibdir – amma yalnız indi və qətiyyətlə hərəkət edərsə.
Trampın Putinə münasibətdə ritorikası son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. Bir neçə il əvvəl o, Rusiya liderinə açıq şəkildə heyranlıq ifadə edirdisə, indi isə onu "tamamilə dəli” adlandırır. Bu dəyişikliyin səbəbi Trampın Putini sülh razılaşmasına inandıra bilməməsi ilə bağlı məyusluğudur. Qərb mediası yazır ki, Tramp "güc simvolu” olan Putinə simpatiyası olan bir fiqurdan Rusiyanın təhlükəli və qeyri-sabit rejimini anlayan sərt tənqidçiyə çevrilməkdədir.
Alpər
Şərhlər