ABŞ prezidenti Donald Tramp bazar günü ilk dəfə Rusiyanı Ukraynaya qarşı müharibədə aqressor adlandırıb.
Qaynarinfo "Politico”ya istinadla yazır ki, bu, onun Moskva ilə bağlı mövqeyində dəyişiklik olduğunu
göstərir.
"Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox, amma sən aqressorsansa, daha çox itirəcəksən”, – deyə Tramp jurnalistlərə bildirib.
Bundan əvvəl o, Kremlə qarşı ittihamlardan imtina edir, BMT qətnamələrini və G7 bəyanatlarını, Rusiyanı aqressor adlandıran sənədləri qəbul etmirdi. Apreldə isə Tramp Ukraynanı günahlandıraraq, onun "qat-qat güclü rəqibə qarşı müharibə başlamağa haqqı olmadığını” söyləmişdi.
Lakin yay ərzində Trampın mövqeyi dəyişib: ABŞ administrasiyası Putinə daha çox təzyiq göstərməyə başlayıb və onunla Ukrayna prezidenti Vladimir Zelenskinin birbaşa sülh danışıqlarını irəli çəkməyə çalışır.
"Mən yeddi müharibəni dayandırmışam və elə bilirdim ki, bu da mənim üçün asan olacaq. Amma bu, çətin çıxdı. Onlar (Zelenski və Putin – UNİAN) bir-birinə nifrət edirlər”, – deyə Tramp vəziyyəti şərh edib.
Daha sərt ritorikaya baxmayaraq, Rusiya prezidenti danışıqlara getmir, ABŞ isə Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək çağırışları ilə üzləşir. Tramp isə məhdudiyyətləri yalnız Avropa Rusiyadan neft alışı dayandırdıqdan və öz sanksiyalarını gücləndirdikdən sonra sərtləşdirəcəyini bildirib.
"Avropa ölkələri mənim dostlarımdır, amma hələ də Rusiyadan neft alırlar. Onların tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil”, – ABŞ prezidenti vurğulayıb.
Avropa İttifaqında Rusiyadan enerji alan ən böyük ölkələr Macarıstan və Slovakiyadır. Onlar Avrokomissiyanın bu asılılığın mərhələli şəkildə aradan qaldırılması planlarına qarşı çıxırlar. ABŞ-ın energetika naziri Kris Rayt isə bəyan edib ki, Vaşinqton Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün "bütün rus qazını sıxışdırıb çıxarmağa” çalışır.
Alpər
Şərhlər