"Vladimir Putin Ukraynaya qarşı başladığı müharibəni bitirməli, nümayişkaranə şəkildə raket sınaqları keçirməməlidir".
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuatla söhbəti zamanı, Putinin rus nüvə raketi "Burevestnik”in sınaqları barədə bəyanatını şərh edərkən bildirib. O, həmçinin xatırladıb ki, ABŞ-ın da Rusiyaya yaxın ərazidə yerləşən nüvə silahı var.
"Onlar bilirlər ki, bizim ən yaxşı atom sualtı qayığımız onların sahillərindədir. Yəni, onun 8000 mil (demək olar ki, 13 000 km) uçmasına ehtiyac yoxdur. Onlar bizimlə oyun oynamır. Biz də onlarla oyun oynamırıq”, – deyə Tramp bildirib.
Eyni zamanda Tramp əlavə edib ki, Putin dörd ildir davam edən Ukrayna müharibəsini bitirməyə diqqət yetirməlidir, qitələrarası nüvə raketlərini sınaqdan keçirməyə yox.
"Mən hesab edirəm ki, Putin bu barədə danışmamalıdır. O, müharibəni bitirməlidir. Bir həftə davam etməli olan müharibə az qala dörd ildir ki, davam edir. O, raketləri sınaqdan keçirmək əvəzinə bununla məşğul olmalıdır”, – deyə Tramp vurğulayıb.
Vladimir Putin isə Baş Qərargah rəisi Valeri Gerasimov və qoşun qruplaşmalarının komandanları ilə keçirdiyi müşavirədə "unikal” nüvə raketi "Burevestnik”in sınaqları ilə öyünüb.
Gerasimov Putinə nüvə enerji qurğusuna malik, uçuş məsafəsi məhdudiyyətsiz "Burevestnik” qanadlı raketinin 21 oktyabrda keçirilmiş sınaqları barədə məruzə edib.
Onun sözlərinə görə, raket 14 min kilometr məsafə qət edib və təxminən 15 saat havada qalıb. O həmçinin iddia edib ki, "Burevestnik” guya raketə qarşı müdafiə sistemlərini aşmaq imkanlarını nümayiş etdirib.
Alpər
Şərhlər