Xəbər lenti

Tramp Ukrayna savaşını nə zaman bitirəcək? (ŞƏRH)
Dünya 17:20 09.01.2025

Tramp Ukrayna savaşını nə zaman bitirəcək? (ŞƏRH)

"Vaşinqton çalışır ki, Ukrayna müharibəsi Trampın əvvəllər vəd etdiyi kimi dərhal deyil, Kiyevə edilən son yardımlar effektiv şəkildə istifadə olunduqdan daha sonra bitsin". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Ukrayna müharibəsini dərhal dayandıracağı vədini verən ABŞ-ın yeni prezidenti Donald Tramp komandasının indi də bunun üçün 6, hətta 12 ay vaxt lazım olacağı barədə bəyanatlarını şərh edərkən deyib.

Rüstəm Tağızadə bildirib ki, Tramp seçkidən öncə Ukrayna müharibəsini tezliklə bitirəcəyini demişdi:

"Ancaq bundan əvvəl verdiyim şərhlər və analizlərdə qeyd edirdim ki, Ukrayna müharibəsi heç də Trampın hakimiyyətə gəlişilə, o dəqiqə yekunlaşmayacaq. Tramp həmin dövrdə seçkilərə hesablanmış addımlar ataraq, sadəcə olaraq xal toplamaq üçün belə bəyanatlarla çıxış edirdi". 

Ekspert qeyd edib ki, hazırki məqamda Trampın əlində vahid sülh planı da yoxdur: 
 


"Onun əlində elə bir sülh paketi olmalıdır ki, o Kiyevin milli maraqlarına da cavab versin. Çünki işğal olunan torpaqlar Ukraynaya aiddir. Son bir həftə ərzində Bayden adminstrasiyası Ukraynaya xeyli hərbi və maliyyə yardımı edib. Bu mənada düşünürəm ki, ABŞ dövləti adminstrasiyadan asılı olmayaraq həmin yardımların effektiv olmasını istəyir. Ona görə müharibə bir qədər də uzana bilər. Təbii ki, spontan proseslərin baş verməsi də istisna deyil. Amma yanvarın 20-də Tramp fəaliyyətə başlayan kimi, bir-iki həftəyə müharibənin bitməsi qəliz məsələdir. Həmçinin, bəzi diplomatik mənbələrin bildirdiyinə görə, Vaşinqton istəyir ki, Ukraynaya edilən son yardımlar effektiv şəkildə istifadə olunduqdan daha sonra müharibə bitsin. Onun nəticəsidir ki, hazırda Rusiyanın Kursk vilayəti ətrafında şiddətli döyüşlər gedir. Düşüncəmə görə, tezliklə müharibənin bitməsi mümkünsüzdür. Düzdür, hər iki tərəf müharibədən yorulub və onu bitirmək istəyirlər. Bu verilən bəyanatlarda da öz əksini tapır. Ancaq bu o qədər də asan proses olmayacaq".

Qeyd edək ki, yanvarın 20-də fəaliyyətə başlayacaq ABŞ-ın yeni prezidenti Donald Tramp hələ seçki kampaniyası dövründə hakimiyyətə gələn kimi dərhal Ukrayna müharibəsini bitirəcəyini vəd etmişdi. Amma Tramp adminstrasiya nümayəndələrinin son açıqlamaları belə düşünməyə əsas verir ki, onlar artıq Ukraynadakı münaqişəni belə tezliklə bitirə bilməyəcəklərini anlayıblar. 

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News”a müsahibəsində qeyd edib ki, ölkə başçısı Ukraynadakı münaqişəni mümkün qədər tez bir zamanda bitirmək istəyir:

"O, bu məsələni mümkün qədər tez həll etmək istəyir. Düşünürəm ki, o, yaxın vaxtlarda bunu bacaracaq. Mən, həqiqətən, onun bu müharibənin həqiqətən bitdiyi bir mövqeyə çata biləcəyinə inanıram. Tramp nəticə əldə etmək üçün özünə 100 gün vaxt verib. İnsanlar başa düşməlidirlər ki, o, nə Putinə, nə də ruslara heç nə verməyə çalışmır. Ukraynanı xilas etmək və suverenliyini qorumaq istəyir”. Beləliklə, görünən odur ki, əvvəlki dövrdə dərhal məsələni həll edəcəyindən danışan yeni ABŞ hökuməti indi də 100 gündən, 6 ay vaxtdan bəhs edirlər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->