Xəbər lenti

Trampa impiçment elan ediləcəkmi? (ŞƏRH)
Dünya 20:12 21.02.2025

Trampa impiçment elan ediləcəkmi? (ŞƏRH)

"Nəzəri baxımından Trampın impiçment prosesi başlasa, onun uğurla başa çatması mümkünsüz olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Kamran Cəfərov ABŞ Prezidenti Donald Trampa qarşı impiçment məsələsinin nə dərəcədə real olmasını şərh edərkən deyib:

"Trampın xarici və daxili siyasətdə atdığı radikal addımlar ona impiçmentin elan olunmasının nə dərəcədə mümkün olacağı sualını aktual edir. İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ tarixində 4 prezidentə (Endryu Cekson, Riçard Nikson, Bill Klinton və Donald Tramp) qarşı impiçment prosesi başladılıb. Buna baxmayaraq, heç biri uğurla nəticələnməyib. ABŞ tarixində heç zaman prezidentə impiçment tətbiq olunmayıb”.

Ekspert vurğulaylb ki,Trampa qarşı 2 dəfə impiçment elan olunub və bu, ABŞ tarixində ilk idi:

”Birinci impiçmentin səbəbi Trampın Zelenskiyə Hanter Baydenə qarşı istintaqın aparılması məqsədilə təzyiqləri olub, ikinci impiçment isə Trampın 6 yanvar 2021-ci ildə dövlət çevrilişi cəhdinə görə. Hər 2 dəfə Nümayəndələr Palatası Trampa impiçmenti elan etmişdi. Senat isə Trampı dəstəklədi. Trampa qarşı 6 yanvar 2021-ci ildə dövlət çevrilişinə cəhddə ittihamlar irəli sürüləndə, o, həqiqətən impiçmentə çox yaxın idi. Nümayəndələr Palatası 232-197 nisbətilə impiçmenti dəstəkləmişdi, Senat isə 57-43 nisbətilə dəstəkləsə də bu səslər yetmədi. 2021-ci ildə Tramp artıq prezident deyil idi, amma ona qarşı impiçmentin tətbiqi ona görə vacib idi ki, o, yenidən prezidentliyə namizədliyini irəli sürə bilməsin”.

Politoloq bildirib ki, ABŞ-da impiçment-hüquqi prosedur sayılsa da, reallıqda tamamilə siyasiləşmiş prosesdir:

"Trampa qarşı impiçmentin elan, daha sonra isə tətbiq edilməsinin ehtimalını bilmək üçün, ümumiyyətlə impiçmenti proses olaraq dəyərləndirməliyik.

Əgər, prezidentin cinayəti-qanun pozuntusu aşkar olunursa, sübut və dəlillər ABŞ Konqresinin Nümayəndə Palatasının Hüquq Komitəsinə təqdim olunur. Sonra Nümayəndələr Palatasının Hüquq Komitəsi sübut və dəlilləri yetərincə güclü sayırsa, prezidentə qarşı impiçmentin elanı məsələsini Nümayəndələr Palatasında ümumi səsverməyə çıxarır. Nümayəndələr Palatasında 435 təmsilçi var və impiçmentin elanı üçün 50%+1(218) səs tələb olunur. Konqresin aşağı palatası impiçmenti elan etdiyi təqdirdə, məsələ Senatda səsverməyə çıxarılır. İmpiçmentin ən çətin mərhələsi də məhz Senatdadır. Ona görə ki, Nümayəndələr Palatasından fərqli olaraq Senatda 50%+1 yox, ümumi səslərin (Senatda 100 üzv var) 2/3-ü lazımdır, yəni 67 qanunvericinin səsi tələb edilir. Adətən, impiçment proseduruna məruz qalan prezidentin mənsub olduğu partiya onu müdafiə edir və bu səbəbdən Senatda lazım olan səslər tapılmır. Ona görə ki, Senatda bir partiya mənsublarının total çoxluğu demək olar ki, mümkünsüzdür”.

Ekspert bildirib ki, demokrat konqresmen El Qrin Nümayəndələrə Palatasında Trampın impiçment proseduruna start vermək niyyətində olduğunu bildirib:

”Lakin praktik baxımından prosesin uğurla başa çatması mümkünsüzdür. Konqresin hər 2 palatası Respublikaçıların nəzarətindədir, Trampın impiçmenti nəinki Senatda 67 səs yığa bilməyəcək, heç Nümayəndələr Palatasında 50%+1 dəstəyini də tapacağına inanmıram”.

Politoloq düşünür ki, Trampa qarşı impiçmetin gerçək tətbiqi, ancaq Respublikaçılar partiyasında köklü parçalanma baş verdiyi təqdirdə mümkündür:
"Bu isə real görünmür. Hazırda  Respublikaçılar hakimiyyətin bütün qanadlarına nəzarət edirlər və siyasi partiya olaraq son dərəcədə güclü monolit struktur kimi fəaliyyət göstərirlər. Güc balansı 2 ildən sonra Konqresə ara seçkilərilə dəyişə bilər. Lakin buna görə demokratlar Konqresə seçkiləri total üstünlüklə qazanmalıdırlar”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampa qarşı impiçment məsələsi yenidən gündəmə gəlib. Bu vaxta qədər əvvəlki prezidenliyi də nəzərə alınmaqla Trampa qarşı 2 dəfə uğursuz impiçment cəhdi olub. İndiki halda isə demokrat konqresmen El Qrin Nümayəndələr Palatasında Trampın impiçment proseduruna start vermək niyyətini ifadə edib. Amma onun gerçək olaraq reallaşacağı inandırıcı görünmür. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->