"Bu qurumu dəstəkləyən ölkələrə 10 faizlik əlavə rüsumun tətbiqinin Azərbaycana hər hansı ciddi təsirləri olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Donald Tramp adminstrasiyasının BRICS-in siyasətini dəstəkləyən ölkələrə münasibətdə 10 faizlik əlavə rüsum tətbiqinin Azərbaycana təsirini şərh edərkən deyib.
Rəşad Həsənov bildirib ki, BRICS ölkələrini dəstəkləyən dövlətlərə münasibətdə Tramp adminstrasiyasının nəzərdə tutduğu 10 faizlik əlavə rüsumun tətbiq edilməsinin Azərbaycanla birbaşa əlaqəsi yoxdur:
"Azərbaycan BRICS-ə daxil olan ölkə deyil. Bir sıra ölkələr, xüsusən də Hindistan Azərbaycanın BRICS-də təmsil olunmasını istəmədi. Ona görə də indiki şərtlər daxilində sözügedən birliyi dəstəkləyən dövlətlərə münasibətdə 10 faizlik əlavə rüsumun tətbiq edilməsilə bağlı riskin Azərbaycana heç bir aydiyyatı yoxdur".
Digər bir tərəfdən, həmsöhbətimizə görə, həmin rüsum tətbiq edilsə belə, burada böyük təsirlərdən söhbət getmir:
"Azərbaycanın ABŞ-a ixracı çox deyil. 150 milyon dollar ətrafında məhsul ixrac edirik. Bakı əsasən ABŞ-dan idxal edir. İdxalın həcmi 2024-cü ilin məlumatına görə, 1,61 milyard dollardır. ABŞ adminstrasiyasını daha çox narahat edən məsələ də xarici ticarətdəki mənfi saldodur. Azərbaycanla ticarət əlaqəsində isə göründüyü kimi Vaşinqton müsbət saldoya malikdir. Başqa bir tərəfdən, Azərbaycandan ABŞ-a göndərilən məhsullar da idxal olunub, sonra Vaşinqtona ixrac edilən məhsullardır. Yəni yerli mənşəli məhsullar deyil. Ona görə deyilən proses tətbiq edilsə belə, onun ölkəmizə ciddi təsirləri olmayacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumlarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. O, bu barədə "Truth Social" platformasında yazıb.
"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq", deyə Tramp qeyd edib.
Xatırladaq ki, Azərbaycanda bu yaxınlarda BRICS-ə üzv olmaq üçün müraciət edən ölkələrdəndir. Düzdür, BRICS-in 2024-cü ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçirilən sammitində Azərbaycan da daxil bir sıra ölkələrin üzv olmaq təklifinə müsbət yanaşılmayıb.
Rüfət Sultan
Şərhlər