Xəbər lenti

Trampın davranışı ekspertlər və psixiatrlar arasında narahatlıq doğurur - KİV
Dünya 18:59 04.08.2025

Trampın davranışı ekspertlər və psixiatrlar arasında narahatlıq doğurur - KİV

Son vaxtlar ABŞ prezidenti Donald Trampın ictimai çıxışları zamanı qeyri-adi davranışları, diqqətini cəmləməkdə çətinlik çəkməsi və söhbət mövzularını qəfil dəyişməsi onun psixi sağlamlığının pisləşdiyinə dair şübhələr yaradıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ekspertlər "The Guardian"a danışaraq Trampın son bir il ərzindəki çıxışlarını və görüşlərini təhlil ediblər.

Nəşr qeyd edir ki, Tramp həmişə emosional və ekspressiv olub, lakin son zamanlar bu hal daha qabarıq şəkildə özünü göstərir. Prezident tez-tez əsas mövzulardan yayınır və əhəmiyyətsiz məsələlər barədə düşüncələrini bölüşür. Məsələn, hökumət iclasında 15 dəqiqə ərzində kabinetin dekorasiyasından danışıb. Həmçinin, öz administrasiyası və şəxsi həyatı ilə bağlı əsas faktları da unudur.

Bundan başqa, Böyük Britaniyaya səfəri zamanı külək turbinlərinə qarşı fikirlər səsləndirib, onların quşları öldürdüyünü və balinaların miqrasiya marşrutlarını dəyişdirdiyini iddia edib. Bu çıxışı 2 dəqiqədən çox davam edib.

Ötən həftə isə Tramp bəyan edib ki, ABŞ Qəzza zolağında zərərçəkənlərə 60 milyon dollar ayırıb, lakin bu iddianı dəstəkləyən heç bir rəsmi təsdiq tapılmayıb.

"The Guardian" yazır ki, Trampın bu davranışları keçmiş prezident Co Baydeni xatırladır. Baydenin də 2024-cü ildə Tramp ilə debatlar zamanı fikir axınını davam etdirməkdə çətinlik çəkdiyi aydın olmuşdu. Sonda o, səhhətinə görə yenidən prezidentliyə namizəd olmaqdan imtina etmişdi. Lakin Tramp uzun müddət bu tip tənqidlərdən yayına bilmişdi, baxmayaraq ki, söhbətlərdəki qarışıqlıq ona əvvəldən xasdır.

"Tramp illərlə zehni iti olmadığını inkar edib, özünü "sabit dahiyəm" adlandırıb və "əla" testlərlə öyünüb – sonradan bu testlərin demensiyanın ilkin əlamətlərini yoxlamaq üçün çox sadə testlər olduğu ortaya çıxıb", deyə məqalədə qeyd olunub.

Lakin indi gənc demokrat siyasətçilər bu məsələni gündəmə gətirirlər. Onlarla razılaşanlardan biri də Kornel Universitetinin psixologiya və Veyl Kornel Tibb Kollecinin psixiatriya fakültəsinin baş müəllimi Harri Siqal olub. O deyib ki, Tramp söhbət mövzusundan kənara çıxır və bu keçidlər heç bir özünü tənzimləmə olmadan baş verir – ardıcıllıq yoxdur. Siqal əlavə edib ki, Trampın zehni vəziyyəti ilə bağlı daha bir narahatedici əlamət onun "konfabulasiya"ya – yəni baş verən hadisələrə baş verməmiş hadisələr əlavə etməyə – meyilli olmasıdır.

Məsələn, iyulun ortalarında Tramp bildirib ki, mərhum əmisi, professor Con Tramp, "Unabomber" kimi tanınan Ted Kaçinskini Massaçusets Texnologiya İnstitutunda dərs deyib.

"Bu, həqiqət ola bilməz. Əvvəla, Trampın əmisi 1985-ci ildə vəfat edib, Kaçinski isə 1996-cı ildə 'Unabomber' kimi tanınıb. İkincisi, Kaçinski heç vaxt Massaçusets Texnologiya İnstitutunda oxumayıb", deyə "The Guardian" qeyd edir.

Nəşr həmçinin yazır ki, Ağ Ev Trampın çıxışlarının rəsmi stenoqramlarını saytdan silib. Halbuki bu sənədlər onun düşüncə axınının nümunəsi ola bilərdi. Trampın istənilən ictimai çıxışında isə bir-biri ilə əlaqəsi olmayan fikirlər və qəfil mövzu dəyişiklikləri tapmaq mümkündür.

Veyl Kornel Tibb Kollecinin psixofarmakologiya klinikasının direktoru və klinik psixiatriya professoru Riçard A. Fridman yazıb ki, neytral mövqedə olan istənilən psixi sağlamlıq eksperti Trampın çıxışlarından ciddi narahatlıq keçirməlidir.

28 il boyunca Con Hopkins Universitetinin Tibb Məktəbində psixiatriya üzrə dosent işləmiş psixoloq və yazar Con Gartner isə bildirib ki, Tramp bir fikri sona çatdırmaqda çətinlik çəkir.

"Seçkilərdən əvvəl proqnozlaşdırmışdım ki, prezidentlik müddəti bitənədək psixoloji baxımdan çökməyə yaxınlaşacaq. Bu pisləşmə çox sürətlə gedir. Əsas məsələ odur ki, vəziyyət yalnız pisləşəcək. Bu mənim proqnozumdur", deyə o bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->