Siyasət 10:24 26.02.2020

Tural İsmayılov: “Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü nümunədir"

"Bu gün qlobal siyasi kataklizmlər (Suriya, Liviya və s. böhranlar), humanitar fəlakətlər (Koronovirus) yaxın siyasi müttəfiqlərin daha da vahid mövqe qoymağını tələb edir. Dünyada vahid siyasi güc nümayişi çağdaş siyasi nəzəriyyələrin də əsasını təşkil edir". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasını şərh edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

Politoloq iclasdan sonra imzalanan sazişlərin və verilən bəyanatların çox önəmli olduğunu bildirib:

"Hazırda Türkiyə Suriya məsələsiylə bağlı, eyni zamanda Liviya və Aralıq dənizi hövzəsi ilə bağlı beynəlxalq siyasi maraqların nəzərindədir. Həmçinin, TANAP layihəsi, ölkə başçısı İlham Əliyevin Almaniyada Münhen konfransında səsləndirdiyi bəyanatlar, İtaliya və Vatikana mühüm səfərlər və imzalanan sazişlər ilə Azərbaycan da qlobal aktorların ciddi maraq dairəsinə daxil olub. Bütün bu hadisələrin fonunda Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Şurasının VIII iclası fonunda imzalanan sazişlər, iki ölkə rəhbərinin bəyanatları çox önəmlidir".

Tural İsmayılov qeyd edib ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır:

"Təkcə ötən il ticarət dövriyyəmiz 4 milyarddan çox olub. Türkiyə firmaları 14 milyard dəyərində 400-dən çox layihəni məhz Azərbaycanda həyata keçirirlər. Həmçinin, bütün beynəlxalq platformalarda Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkəmizi müdafiə edir. Dünənki görüşdə də Ərdoöanın Xocalı soyqırımı və Qarabağ məsələsiylə bağlı kəskin və tələbkar çıxışı bu konekstdə Türkiyənin problem həll olana qədər Azərbaycanla birgə olacağını həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdi.  Azərbaycanın Türkiyə ilə təhsil, səhiyyə, mədəniyyət sahələrində bir çox ortaq sazişi mövcuddur. Dünən fərqli sahələri əhatə edən mühüm sazişlər imzalandı. Bundan başqa TANAP layihəsi və digər irimiqyaslı layihələrdə də Azərbaycan-Türkiyə partnyorluğu əvəzolunmazdır. Azərbaycan hərbi sahədə Türkiyə ilə daim təcrübə mübadiləsi aparır. İki ölkə həm ordu qurucluğu sahəsində, həm də müdafiə sənayesi ilə bağlı önəmli layihələri icra edirlər, birgə təlimlər keçirirlər. Azərbaycan və Türkiyənin həmrəyliyi, siyasi vahidliyi digər müttəfiq ölkələrə də örnək olmalıdır.”

Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü nümunədir.