Foto 12:43 22.12.2018

Tural Kərimov: "İşlərimiz xarici ölkələrdə də uğur qazana bilər" (MÜSAHİBƏ)

02.05.2018 tarixində rejissoru və ssenaristi olduğu "Xalq yazıçısı” Anarın 1988-ci ildə çapdan çıxan "Seçilmiş əsərləri”nə çəkdiyi "Kitab və qutab” buktreyleri III Buktreyler Festivalının qalibi 1-ci yerə layiq görülüb. 21.06.2018 tarixində rejissoru və ssenaristi olduğu, keçmiş məhbusların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası problemlərindən bəhs edən "Cəza” qısametrajlı filmi Gənclər və İdman Nazirliyinin və "MZ Production"nın birgə təşkilatçılığı ilə keçirilən "İnsan hüquqlarına dair qısametrajlı videoçarxlar müsabiqəsi”ndə 1-ci yeri tutub. 29.10.2018 tarixində 10-cu "Azərbaycan ailəsi” film festivalında ssenaristi olduğu "Sonradan” sosial çarxı münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Söhbət gənc rejissor və ssenarist Tural Kərimovdan gedir. Qısa zaman ərzində bu qədər uğur qazanan gənci yaxından tanımağınız üçün müsahibəni sizə təqdim edirik: 

- Bizə əvvəl Turalın kim olduğu, sonra da "Masa Media”nın nə olduğundan danış...
- Mən, Tural Kərimov. Səhnə adım ToURALone. 26 ildir ki, yaşayıram. Bu illər ərzində replə, futbolla, hekayələri səsləndirməklə məşğul olmuşam. 6 ildən çoxdur TV-də (ARB Cənub) aparıcı, müxbir və redaktor vəzifələrində çalışıram. Uşaqlıq illərindən həm TV-yə, həm də film sektoruna marağım olub. 2015-ci ildən dostum, aktyor və rejissor Orxan Cahangirin ekran işlərində öz arzularımı yavaş-yavaş reallaşdırmağa başlamışam. Son 3 ildə əsas yaradıcı heyət formalaşdı ki, bu da "Masa Media”nın yaranmasına səbəb oldu. "Masa Media” bir kreativ agentlikdir və qısametrajlı filmlər, tanıtım və sosial çarxlar, reklam, klip çəkilişləri ilə məşğul olur. Sevinirəm ki, öz komandamızı qurmuşuq, böyük hədəflərə doğru gedirik. Mən də bu komandada əsasən ssenarist kimi gələcəyimizi yazmağa çalışıram.



-"Masa Media”nın nailiyyətlərinin səbəbini nədə görürsən? 
- Tək başına 1-2 uğur qazanmaq olar, amma daha böyük nailiyyətlər üçün səni başa düşən insanların köməyilə, rahat olduğun mühitə ehtiyac olur. "Masa Media” komandası seçimlə formalaşmayıb, elə bilin ki, tale yollarımızı birləşdirib. Zadornovun gözəl bir sözü var: "Yaxşı insanların sayı daha çoxdur, amma pislər daha yaxşı birləşib. Niyə də yaxşılar tək-tək mübarizə aparmalıdırlar?! Birləşmək, böyümək zamanıdır”.

- 2018-ci il sizin üçün düşərli oldu deyə düşünürəm. 2019-cu il hədəfdə hansı mükafatlar var? 
- Mən hətta 2018-in bitməsini istəmirəm. Çox-çox düşərli il oldu. Sanki yazdıqlarım rəflərdən çıxarıldı, üstünün tozu silindi. Əslində bu il çox qısa vaxt ərzində ssenarisini yazdığım və lentə aldığımız ekran işləri festivallarda qalib olsa da, mənə elə gəlir ki, illərlə çəkdiyimiz zəhmətin bəhrəsini bu il görmək nəsib oldu. Bir sözlə bu il parladım, parladıq. Bir il ərzində 3 fərqli işlə 2 festivalda 1-ci yeri, birində də festivalın xüsusi mükafatını qazanmaq az iş deyil. Belə festivalların keçirilməsini çox müsbət qiymətləndirirəm, xüsusən yaradıcı insanlar üçün bu tədbirlərin verdiyi stimul, güc təsəvvür edilməyəcək qədər önəmlidir, gözəldir. Bundan sonra xarici film festivallarına da işlərimizi göndərmək istəyirik. Fikrimcə, bizim işlər digər ölkələrdə də uğur qazana bilər. Niyə də olmasın?! Hələlik isə "YouTube” kanalımızda eksperimental işlər görürük, özümüz də əylənirik, izləyicilərimizdən də müsbət enerji alırıq. Gələn ilin əvvəli üçün bir video-layihə planlaşdırırıq, açıqlama vermirəm, amma bilin ki, inşallah "Masa Media”nın adını hər kəs eşidəcək. 
 


- Loru dildə desək, "arxanızda kim dayanır?” Yəni bütün bu işlərə müəyyən qədər maddi baza tələb olunur. Maliyyə dəstəkçiniz var? 
- Allahdan başqa güclü köməyimiz yoxdur. Öz gücümüzə hərəkət edirik. Çox çətin də olsa, belə deyək də - vuruşuruq. Əlbəttə ki, işin maddi tərəfi görəcəyimiz işlərə böyük təsir edir. Maliyyə baxımından dəstək ola biləcək insanlarla danışanda, söhbət əsnasında daha əvvəl də işlərimizə baxdıqlarını, zövqlü işlərə imza atdığımızı vurğulayanlar olur. Hətta məni tanımayan adamlar olub ki, "Kitab və qutab”ın adını eşidəndə - "Onu siz çəkmisiniz?” deyiblər. Bu şəxsən mənə çox ləzzət edir. Yəni, artıq sözə ehtiyac duymuruq, CV-miz video şəklində göz qabağındadır, hələ kiminsə işimizi bəyənməməsi ilə rastlaşmamışam. Gəl ki, işin maddi tərəfinə gələndə, dəstək olan ortaya çıxmır. Məsələn, indi əlimdə ssenarilər var ki, uğurlarına çox inanıram və onları reallaşdırmağa gücümüz, dəstəyimiz yoxdur. Neçə-neçə layihələrimiz olub ki, maliyyə səbəbi ilə elə beynimizdə, ürəyimizdə qalıb. Onu da deyim ki, "Masa Media” adını seçməyimizə səbəb də bəlkə 100-ə yaxın danışdığımız yeni layihələrin çox vaxt elə masada – stol üzərində qalmasıdır. Arxamızda dayanan güc yaradıcı yanğıdır, o yanğı ki, həm ümid verir, həm də reallaşana qədər adamı öldürüb-dirildir.
 


- Qalibi olduğunuz festivallarda məhz sizin seçilmənizə səbəb nədir? Digərlərindən nə ilə fərqlənirsiniz? 
- Qalibiyyətlərimizlə yanaşı, elə festival olub ki, ən çox güvəndiyim işimiz heç bir yer tutmayıb. Yəni o filmimiz qiymətləndirilməsə də, mənim üçün hələ də ən yaxşı ssenarilərimdən biridir. Mən öz gücümə, fərqli qələmimə inanıram, həmişə də inanmışam. Hər yazdığım ssenaridə, hekayədə fərqli, qeyri-adi orijinal bir ştrix olur. Əslində belə bir məcburiyyət yoxdur ki, hər filmdə bir sosial mesaj olmalıdır. Amma mən izləyiciyə nəyisə çatdırmağa, izləyənin nəyisə yaşamasına və oradan nəticə çıxarmasına çalışıram. Yəqin bu işləri bacarırıq deyə festivallarda uğur qazanırıq. 

Nərmin Həsənli