Ölkə 15:17 05.04.2019

Turistlər üçün "Bakı Kart"lar təqdim edildi

Bakıya səyahət edənlər üçün hazırlanan rəsmi şəhər kartı -"Bakı Kart”ın ("BakuCard”) təqdimat mərasimi keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri, "BakuCard" layihəsinin direktoru Rüfət Bağırov bildirib ki, "BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı verir.

Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

R.Bağırov ilin sonuna kimi layihənin tərəfdaşlarının sayının artacağını da söyləyib. O əlavə edib ki, e tibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24, 45 və 70 manat təşkil edir.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və köşklərlə yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

R.Bağırov qeyd edib ki, kartın istifadə müddəti onun ilk dəfə istifadə olunduğu dövrdən hesablanacaq:" Bakı kartı artıq 2-3 gündür satışdadır. Şəxs kartı alıb bir həftə sonra da istifadə edə bilər. Bu Azərbaycanda biznesin də inkişafına dəstəkdir".