Elman Eldaroğlu

Blogger
Yazılar
69
“Türk qanlı, müsəlman etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli fədayi”

“Türk qanlı, müsəlman etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli fədayi”

XX əsrin Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, Əli bəy Hüseynzadənin arzuladığı türk qanlı, müsəlman etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli fədayilərin sayı artdıqca işıqlı gələcəyə inam da artır. Axı avropalı kimi düşünmək üçün ilk növbədə təfəkkürdə avropalaşmaq lazımdır. Bu gün sizə avropalılar kimi düşünə bilən, iyirmi altı yaşlı bir gəncdən söhbət açmaq istəyirəm - Nəcəf Bilal oğlu Qənbərovdan.

1992-ci ildə Cəlilabad rayonunda dünyaya gəlib. Orta təhsilini 2010-cu ildə Bakıda, 159 saylı məktəbdə başa vurub. 2010-2015-ci illərdə Türkiyənin Erciyes Universitetinin Beynəlxalq münasibətlər fakultəsində ingilis dilində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2015-2016-cı illərdə Türkiyənin Beykent Universitetinin İnsan Resuslarının İdarə Edilməsi fakultəsində Biznesin idarə olunması(MBA) ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bir müddət Avropa və Türkiyədə müxtəlif yaz məktəblərində qısa müddətli kurslarda iştirak edib. 2017-ci ildən Bakıda yaşayır. İctimai-siyasi fəaliyyətlə məşğul olur...

...Hələ ki, ailə qurmayıb. Atası Bilal Qənbərov əslən Yardımlı rayonunun Şəfəq kəndindəndir. Daşınmaz əmlak üzrə bizneslə məşğul olur. Anası Mahirə xanım evdar qadındır. Özündən başqa bir qardaşı və bir bacısı da var...

Nəcəf tələbəlik illərində fəallıq göstərərək xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, tələbə və gənclərin təşkilatlanması üçün xeyli səylər göstərib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil aldığı şəhər üzrə tələbə təmsilçisi olub. Türkiyə Respublikası Kayseri şəhərində 89 ölkədən olan xarici tələbələrin birliyi üçün Kayseri Xarici Tələbələr Koordinasiya Şurasının təsis olunmasında və idarə edilməsində mühüm rol oynayıb. Həmçinin, bu Koordinasiya Şurasında təmsil olunan 89 ölkənin hər birinin tarixində əlamətdar günlərin təşkili işləri ilə məşğul olmuş və Azərbaycan həqiqətlərinin 89 ölkədən olan (Afrika, Ərəb ölkələri, Asiya, Avropa, Okeaniya, Amerika qitəsi və s.) minlərlə tələbəyə çatdırılması istiqamətində bir çox layihələrin təşəbbüskarı və təşkilatçısıdır.

Sizə zarafat gəlməsin, 2013-cü ildə Kayseri şəhər mərkəzində 2 hektarlıq ərazidə Xocalı soyqırımı parkı salınması üçün razılığın əldə edilməsinə məhz o, nail olub. Vətəndə yaşadığı müddətdə isə Türkiyə və Rusiyada Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər təşkil edərək, Azərbaycanın millət vəkillərinin, ictimai-siyasi xadimlərinin həmin görüşlərdə iştirakını təmin edib. Türkiyənin müxtəlif telekanallarında dəfələrlə ekspert kimi çıxış edərək Azərbaycanın inkişafı, tarixi və Xocalı soyırımı ilə bağlı həqiqətlərdən söhbət açıb.

2019-cu ildə Bakı şəhərində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə Respublikası Kahramanmaraş böyükşəhər bələdiyəsinin sədri, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erken Özoral, Gürcüstan parlamentinin millət vəkili Mahir Dərziyev və Azərbaycanlı millətvəkillərinin iştirakı ilə qonşu dövlətlərdən gələn hökümət və dövlət nümayəndələri ilə geniş miqyaslı konfransın təşkilatçısı olub və həmin layihəyə rəhbərlik edib…

Futbol, basketbol oynamağı, idmanla məşğul olmağı xoşlayır. Mütaliədən yorulmur. Səyahət etməkdən zövq alır. Gənc olmasına baxmayaraq indiyədək dünyanın ona yaxın ölkəsində olub. İngilis, rus, türk dillərində sərbəst danışa bilir…

Bəli, insanların ən gözəli o şəxslərdir ki, xeyirxahlığa vəsilə olurlar. Kim bilir, Tanrı bu gənc oğlanı hələ neçə xeyirxah işə vəsilə edəcək. Dekabrın 18-i Nəcəfin ad günüdür, 27 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Azərbaycan naminə həyata keçirəcəyi layihələrdə uğurlar arzulayıram.

Elman Eldaroğlu
 



OXŞAR XƏBƏRLƏR